Məcburi köçkün və qaçqınlara dövlət qayğısı ilbəil artır Layihə

Məcburi köçkün və qaçqınlara dövlət qayğısı ilbəil artır

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.

Belə ki, 2007-ci ildə məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət düşərgə, 2016-cı ildə isə fin tipli evlərdən ibarət 16 qəsəbədən sonuncusu ləğv olundu və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr yeni salınmış müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinə köçürüldü. Hazırda belə komplekslərin sayı 100-dən çoxdur. Bununla da 300 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Bu da 55 min ailə deməkdir.

Son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılıb. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb. Yeri gəlmişkən, qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri ilbəil artırılır. Maliyyə nazirinin müavini Azər Bayramovun mətbuata verdiyi açıqlamasına görə, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən, bütövlükdə 487 milyon manat nəzərdə tutulub. Bu, cari illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, 2020-ci il üçün yataqxanalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə yerləşdirilməsi ilə bağlı biz üç variantda sənəd hazırlanıb.

O qeyd edib ki, məcburi köçkünlərin yaşadığı yataqxanaların əksəriyyəti qəzalı vəziyyətdədir.

Onun sözlərinə görə, birinci variantda Abşeron və Goranboy rayonlarında 6,989 min ailənin, ikinci variantda – Gəncə şəhəri, Qaradağ vəŞəımkir rayonlarında 6,934 min ailənin, üçüncü variantda – Bakının Binəqədi rayonunda.ş Gəncı şəhırindəı və Azərbaycanın Samux rayonunda 7,059 min ailənin yerləşdirilməsi nəzərdə tutulub.

Gələn, 2020-ci il üçün ən azı 7000 məcburi köçkün ailəsinin, yəni təxminən 35 min məcburi köçkünün yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.

Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib.

Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb. Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. 146 evdən ibarət olacaq qəsəbənin inşası üçün 30 hektar torpaq sahəsi ayrılıb.

Mənzillərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilir. Qəsəbədəki evlərin hər birinin sanitar qovşağı və 12 sot həyətyanı sahəsi olacaq. Qəsəbədə infrastruktur işləri də həyata keçirilir. Hər biri 300 kubmetr olan iki ədəd içməli su anbarından birinin inşası başa çatıb.

Bu kateqoriyadan olan insanlara göstərilən diqqətin ilbəil artdığını söyləyən millət vəkili Aydın Hüseynov qəzetimizə verdiyi açıqlamasında söyləyib ki, ölkədə sosial sahədə aparılan bütün işlər Azərbaycan prezidentinin vətəndaşlarımıza, məxsusi olaraq qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə olan qayğısının bariz nümunəsidir:

Doğrudan da cənab Prezident qaçqın və məcburi köçkünlər, şəhid ailələri və Qarabağ qazilərinin sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın aprel döyüşçülərinə, eləcə də digər qazilərə göstərdiyi diqqət və qayğı da ortadadır.

Müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yalnız bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev, mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminəm ki, müstəqil Azərbaycan yaşadıqca bu işlər də davam etdiriləcək”.

Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı hələ ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə dövlətin diqqət mərkəzində olub. Bu gün isə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini prioritet məsələ hesab edir.

Deputat bildirib ki, dövlət başçısı qaçqın və məcburi köçkünlərin, eləcə də müharibə veteranlarının problemlərini daim diqqət mərkəzində saxlayır və onların həll üçün zəruri addımlar atır:

“Qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquqlarının təmin edilməsi, mənzil problemlərinin həlli, habelə məşğulluq məsələləri bunu təsdiq edir. Bu günə qədər dövlət başçısı bu sahədə bir sıra qərar və sərəncam imzalayıb”.

E.Məmmədov bildirib ki, 2018-ci ildə minlərlə məcburi köçkün ailəsinə mənzil verildi. Bu il bu kateqoriyadan olan əhali üçün yaşayış binalarının tikintisi ilə bağlı layihələrin həyata keçirilməsinin davam etdirilməsi, yeni yaşayış məntəqələrinin yaradılması üçün kifayət qədər vəsait ayrılıb:

“Əlbəttə ki, bizim əsas məqsədimiz və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət işğal olunmuş ərazilərin azad edilməsi və öz doğma torpaqlarımıza qayıtmağımız üçün bizə ümid verir. İnanırıq ki, gələcəkdə doğma torpaqlarımıza qayıtdıqdan sonra yaranacaq bütün problemlər ən yüksək səviyyədə həll ediləcək”.

Sabiq millət vəkili, əslən Qarabağ bölgəsindən olan Həvva Məmmədovanın fikrincə isə ölkə başçısının imzaladığı bütün fərman və sərəncamlarda ilk növbədə qaçqınların və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ön planda durur:

"Ölkə başçısı 2003-cü ildə prezident seçiləndə onun ilk çıxışlarından biri ondan ibarət idi ki, tezliklə bütün çadır düşərgəsi ləğv olunacaq. Bütün bu deyilənlərə əməl edildi. Bu gün bir nəfər də olsun çadırda yaşayan yoxdur. Hazırda ölkəmizdə 100-dən artıq yeni qəsəbə tikilib istifadəyə verilib. Köçkün əhalinin bütün şəraiti yaxşılaşdırılıb, onların övladları ödənişli ali məktəblərdə pulsuz təhsil alırlar.

Heç bir ölkədə məcburi köçkünlərə belə gözəl şərait yaradılmır. Prezidentin məcburi köçkünlərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı qiymətləndirilməlidir. Bu gün yalnız Bakı şəhərində yataqxanalarda yaşayanlar qalıb. Onlar da yeni ilə qədər mənzillərə köçürüləcəklər.

Bütün bayramlarda dövlət məmurları ilk olaraq qaçqın və məcburi köçkünləri sevindirirlər. Heç bir ölkədə qaçqın və məcburi köçkün ailəsinin üzünün gülməsinə, onların yeni mənzillə təmin olunmasına rast gələ bilmərik. Bu, yalnız Azərbaycan prezidentinin sosial qayğıya ehtiyacı olanlara göstərdiyi böyük diqqətin nümunəsidir”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzdə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Prezident İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir: “Bundan başqa, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və müraciəti əsasında ölkəmizin özəl sektoru da bu problemin həllinə dəstək verməkdədir. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün işlər intensivləşib. Həyata keçirilən işlər nəticəsində 2019-cu ilin I rübünədək məcburi köçkünlərin istifadəsinə 60 min 450 mənzil verilib. Bu da 60 450 məcburi köçkün ailəsi deməkdir. Nəticədə, 300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb”.

Komitədən bildirildiyinə görə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 1993-2018-ci illər ərzində ümumilikdə 7,1 milyard manat vəsait sərf edilib. Bunun 3,4 milyard manatı dövlət büdcəsinin, 2,3 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Dövlət Neft Fondunun 2019-cu il büdcəsindən isə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 200 milyon manat ayrılıb. Beləliklə, məcburi köçkünlərin mənzillə təminatına ayrılan vəsaitlərin həcmi 7,3 milyard manata çatıb.

Bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək: “Məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr hazırdır, bəzilərində isə tamamlanmaq üzrədir. Şirvan şəhərində 685 ailəlik qəsəbə, Beyləqan rayonunda 146 ailəlik fərdi evlər tikilib, artıq köçkünlərə təhvil verilir. Orada yaşayış var. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Göygöl və Ucar rayonlarında qəsəbələr tikilir. Kürdəmirdə 560 ailəlik yaxın günlərdə qəsəbə təhvil veriləcək. Hazırda təxminən 24 min məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır. Onlar yataqxanalarda, bağçalarda, sanatoriyalarda və s. yaşayırlar. Mən onlarla mütəmadi olaraq görüşürəm. Bəziləri ilə də görüşəcəm. Bu gün 700 minə qədər məcburi köçkün var və biz çalışırıq ki, onların problemlərini həll edək”.

Bütün bunlar isə o deməkdir ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Odur ki, məcburi köçkünlər bu diqqətdən, bu qayğıdan həmişə razılıqla danışırlar. Ancaq onların ən böyük istəyi öz doğma yurd-yuvalarına qayıtmaqdır.

Habil Hüseynov

Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" verilir