“Dağlıq Qarabağ münaqişəsini özümüz həll etməliyik” Layihə

“Dağlıq Qarabağ münaqişəsini özümüz həll etməliyik”

Politoloq: “Azərbaycanın gücü yetər ki, Dağlıq Qarabağda anti-terror əməliyyatlara başlasın və tez bir zamanda torpaqlarımızı işğaldan azad etsin”

30 ildən çoxdur ki, öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda təhlükə mənbəyi kimi qalmaqda davam etsə də, beynəlxalq ictimaiyyəti, təşkilatları ən az maraqlandıran məsələlərdəndir.
Danılmaz faktdır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunub. Ermənilər işğalçılıq siyasətini davam etdirir. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət verməyib.
Siyasi şərhçi, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Xalq Cəhəsi”nə açıqlamasında bildirib ki, bir çox beynəlxalq təşkilatlarda qərarların məcburi icrası üçün mexanizm yoxdur. Amma BMT Nizamnaməsinin 7-ci bölməsinə (Beynəlxalq sülhün qorunması) çıxarılan məsələlərlə bağlı qəbul edilən qətnamələrin yerinə yetirilməsi məcburi hesab edilir: “Dağlıq Qarabağla bağlı qəbul edilən bütün qətnamələr BMT Nizamnaməsinin 6-cı bölməsinə aiddir. Tövsiyə xarakterli qətnamələrdir ki, bu vaxtadək məcburi qaydada icra olunmayıb”.
Dağlıq Qarabağ münaqişəsinin BMT Nizamnaməsinin 7-ci bölüməsinə çıxarılmamasına gəlincə, F.Mehdiyev bildirib ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 2-si (Fransa və Rusiya) buna heç vaxt razı olmayıblar.
F.Mehdiyevin fikrindən belə qənaətə gəlmək olar ki, Təhlükəsizlik Şurasının daimi 5 üzvünün toqquşan regional maraqları üzündən ədalət prinsipləri qorunmur. Xüsusən də Fransa və Rusiyanın Azərbaycana qarşı destruktiv mövqe tutması, tarixən ermənipərəst maraqlardan çıxışlar etməsi göz qabağındadır. Rusiyanın keçmiş MDB məkanın öz nəzarətindən çıxmasına imkan verməməsini də yaddan çıxarmamalıyıq.
ALDP sədri Fuad Əliyev də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət məsələsinin hələ də açıq qaldığını deyir.
Onun sözlərinə görə, dünya düzəni BMT-nin prinsipləri əsasında qurulub. Hazırda tələblərinin yerinə yetirilməsi mütləq olan 2 beynəlxalq sənəd var: BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri. BMT Təhlükəsizlik Şurası hələ də təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün konkret addımlar atmayıb: “Krım, Ukrayna ilə bağlı Avropa Birliyi, Avropa Şurası, BMT, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər. Amma işğalşı Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Bu, dünya birliyinin Azərbaycana qarşı ədalətsiliyinin göstəricisidir".
Partiya sədri qeyd edib ki, BMT dünyada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir təşkilat kimi bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir konkret addım atmayıb: “BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT kağız üzərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, amma bu vaxta qədər işğalçı ilə işğala məruz qalan ölkəni eyni tutub. Bu o deməkdir ki, münaqişəni özümüz həll etməliyik, beynəlxalq hüquq prinsipləri çərçivəsində. Azərbaycanın gücü yetər ki, Dağlıq Qarabağda anti-terror əməliyyatlara başlasın və tez bir zamanda torpaqlarımızı işğaldan azad etsin”.
Düzgün fikirdir. Amma bunun Qərb və Rusiyanın ürəyincə olmayacağı aydındır. Yaxşı bilirlər ki, Azərbaycan problemi hərbi yolla həll etmək gücündədir. Anlayırlar ki, qısa zamanda Bakı problemi həll edib özünün ərazi bütövlüyünü təmin edə bilər. Amma görünür, bölgədə bu səpkidə mövcud vəziyyətin qalması Qərb və Rusiyadakı bəzi dairələrin maraqlarına cavab verir. Azərbaycan zamanında İraq, indi də Əfqanıstanda terrorizmə qarşı mübarizədə mühüm töhfələr verib. Amma təəssüf ki, Qarabağda Azərbaycanın belə bir əməliyyat aparmaq hüququ nə Qərb, nə də Rusiya tərəfindən birbaşa tanınmır. Görünür, bundan ötrü Azərbaycan diplomatiyası daha ciddi şəkildə işləməlidir.
Politoloq Elçin Xalidbəylinin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üzrə vaxtaşırı müəyyən qərarlar qəbul edilir və bəzi beynəlxalq qurumlar tərəfindən sərt bəyanatlar verilir. BMT də vaxtilə bu münaqişə ilə bağlı qərarlar qəbul edib. Həmin qərarlarda Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərinin dərhal azad olunması tələb edilirdi. Ancaq işğalçı Ermənistan üzərindən illər keçməsinə baxmayaraq, həmin qərarları hələ də icra etməyib. Son olaraq, bir neçə gün öncə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsi işlədilir. Bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyətin həyata keçirildiyini göstərilir, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırılır. Ancaq analoji qərarların icrasının və bəyanatların hüquqi cəhətdən reallaşdırılmasının mexanizmlərinin formalaşdırılması kifayət qədər qəliz məsələdir: “NATO istisna olmaqla, əksər nüfuzlu beynəlxalq qurumların öz qərarlarının icra etdirilməsi üzrə təsirli hüquqi mexanizmləri demək olar ki, mövcud deyil. Ona görə də əksər hallarda beynəlxalq qurumların qəbul etdiyi qərarlar və verdiyi bəyanatlar əsasən siyasi cəhətdən böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, həmin qərar və bəyanatlar sonrakı mərhələdə Azərbaycana öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə geniş imkanlar açır. Çünki Azərbaycan ordusu ölkə ərazisinin bərpasına başlayarkən, beynəlxalq qurumların həmin qərar və bəyanatları bu addımın hüquqi cəhətdən əsaslandırılmasında önəmli rol oynaya bilər. Bu baxımdan hesab etmək olar ki, beynəlxalq qurumların qərarlarının icra mexanizmləri müəyyən mənada, Azərbaycanın öhdəsinə düşmüş kimi görünür”.
Əslində işğalçı Ermənistanın pozucu mövqedən çıxış etməsi, ipə-sapa yatmaması heç də səbəbsiz deyil. Əvvəla, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəblərindən biri işğalçı Ermənistana himayədarları tərəfindən yardım göstərilməsidir. Həmçinin beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin siyasi iradə nümayiş etdirməmələri, qətiyyətsiz mövqe tutmaları, ikili standartlardan çıxış edərək işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq cəhdləri münaqişənin uzanmasına səbəb olmuş, onun dinc yolla nizamlanmasını çətinləşdirmişdir. Münaqişənin tənzimlənmə prosesində bütün imkanları tükənən təcavüzkar dövlətin iqtisadi, siyasi, ideoloji və hüquqi müstəvilərdə Azərbaycana uduzmasına baxmayaraq, indiyədək bu sahədə əsaslı irəliləyişə nail olunmayıb.
Politoloq Mirsamir Məmmədovun fikrincə, dünya birliyi mütləq işğalçı Ermənstana sanksiyalar tətbiq etməlidir. Dövlət başçımız da dəfələrlə qeyd edib ki, çox təəssüf, dünyada ikili standartlar var. Həmin ikili standartlar imkan vermir ki, BMT-nin qərarları həyata keçirilsin, yaxud da ATƏT konstruktiv, doğru bir qərar qəbul etsin. Ermənistana sanksiyalar, hərbi güc tətbiq olunmalı, Ermənistan işğalçı dövlət kimi belə deyək, öz yerində oturdulmalıdır: “Dünyanın ən nüfuzlu təşkilatı hesab olunan BMT Təhlükəsizlik Şurası və yaxud da digər beynəlxalq təşkilatlar qəbul etdikləri qətnamə və qərarların icrasını çalışmırlarsa və ya bu məsələdə maraq göstərmirlərsə, bu onların mövqelərinə zərbə, beynəlxlaq aləmdəki nüfuzlarına mənfi təsir göstərir. ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını öz üzərinə götürsə də, ikili standart, ermənipərəst mövqedən çıxış etməsi münasişəni daha da gərginləşdirib”.
Politoloq təəssüflə qeyd edib ki, Qərb həmişə ermənipərəst mövqe nümayiş etdirib, dolayısı yolla Ermənistana münasibətdə dövlətlər xristian həmrəyliyi nümayiş etdirirlər, işğalçını öz adı ilə çağırmırlar: “Qərb dövlətləri Ermənistanı bir xristian dövləti, müsəlman dövlətləri arasındakı bir xristian adası kimi qəbul edir, ona aşkar və gizli şəkildə dəstək verirlər. Amma bu vaxtadək Ermənistanın azərbaycanlılara qarşı törətdikləri soyqırım, işğalçılıq siyasətinə göz yumublar. Uzağa getməyək, Minsk qrupunun ötən ay Ermənistanın baş naziri Paşinyanın Şuşanın işğalı şərəfinə düzənlənən tədbirdə iştirakına heç bir reaksiya verməməsi, susması işğalçıya dəstək vermək deyilmi?”
M.Məmmədov həmçinin deyib ki, xristian həmrəyliyindən başqa geopolitik maraqlar da Ermənistana sanksiyaların tətbiq olunmasına imkan vermir: “Azərbaycan ildənilə güclənir. Həm iqtisadi, həm də hərbi sahədə. Qərbin enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir, nəhəg regional iqtisadi layihələrin müəllifinə çevrilib. Azərbaycan çox güclü iqtisadi potensialı, təbii sərvətləri və geopolitik mövqeyi olan bir ölkədir. Azərbaycan istər kommunikasiya yollarının keçməsi, istərsə də Xəzər dənizindəki və qurudakı yeraltı sərvətləri, resursları, bərəkətli torpağı, iqlim qurşağı ilə dünyanın bir çox dövlətlərinin marağının kəsişdiyi bir nöqtədir. Bu problemi uzatmaqla da hər kəs istəyir ki, özünün marağını təmin etsin. Təəssüflər olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyinin uzaqgörənliyinin olmaması nəticəsində Qarabağ məsələsi ilk vaxtlarda həll olunmadı. Bundan sonra məsələ beynəlxalq müstəviyə keçdi. Beynəlxalq müstəviyə keçdikdən sonra isə artıq geopolitik maraqların toqquşma obyektinə çevrildi. Bu gün Ermənistana iki səbəbdən sanksiya tətbiq olunmur. Birinci, xristian həmrəyliyinə, ikincisi isə beynəlxalq güclərin Azərbaycanda olan çirkin maraqlarına görə”.
Cavid