“Biz dünyaya qucaq açdıq” Hadisə

“Biz dünyaya qucaq açdıq”

Melik Yevdayev: "Azərbaycanlı yəhudi kimi mən Azərbaycan və İsrail idmançılarının medal qazanmasından, onların təltif edilməsi mərasimlərindən böyük qürur hissi keçirdim"

"Azərbaycanda yenicə başa çatmış birinci Avropa Oyunları bir azərbaycanlı və bir yəhudi kimi mənim üçün qürur mənbəyidir". Bu barədə Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayevin "Jewish Journal"da dərc olunmuş məqaləsində deyilir.
O qeyd edib ki, iki həftədən çox müddətdə dünya Azərbaycanın necə qonaqpərvər və tolerant ölkə olduğuna şahidlik etdi:"Biz dünyaya qucaq açdıq. Azərbaycanlı yəhudi kimi mən Azərbaycan və İsrail idmançılarının medal qazanmasından, onların təltif edilməsi mərasimlərindən böyük qürur hissi keçirdim. Həmçinin, Azərbaycan vətəndaşı kimi, belə bir möhtəşəm hadisəyə dünyəvi müsəlman ölkəsinin ev sahibliyi etməsindən xüsusi qürür duydum".
M.Yevdayev oyunlarda 20 idman növü üzrə 50 ölkədən 6 mindən çox atletin iştirak etdiyini yazıb. O vurğulayılb ki, İsrail 142 nəfərlik nümayəndə ilə Avropa Oyunlarına qatılıb:"68 minlik yeni Olimpiya stadionunda Oyunların rəsmi açılışı zamanı İsrail yığması keçid edərkən çox güclü alqışlandı və bunu bütün dünyanın görməsi olduqca vacib idi. Bu alqışlar yalnız yevreylər tərəfindən deyildi, İsrail komandasını hər kəs alqışladı".
O İsrail nümayəndə heyətinin Bakıdakı yəhudi sinaqoqlarında olduqlarını da bildirib və eləvə edib:"Mən əminəm ki, Avropa Oyunları Azərbaycanın bəşəri sülhə, dostluq və tolerantlığa sadiqliyinin güclü simvolu kimi hər zaman xatırlanacaq".