Fondun Müşahidə Şurasının iclası keçirilib Hadisə

Fondun Müşahidə Şurasının iclası keçirilib

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.
Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamını ölkədə söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və KİV-lər adından ölkə başçısına dərin minnətdarlığını bildirib. İcraçı direktor sərəncama əsasən birdəfəlik maliyyə yardımı ayrılacaq mətbuat orqanlarının müəyyənləşdirilməsi məsələsini Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov çıxış edərək ölkə başçısının sərəncamı ilə ayrılmış birdəfəlik maliyyə yardımının gündəlik ictimai-siyasi qəzetlərin üzləşdiyi problemlərin həlli baxımından xüsusi əhəmiyyətini qeyd ediblər. Aparılmış müzakirələr nəticəsindərespublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Qərara əsasən, 27 qəzetə maliyyə yardımı ayrılıb.