Vüqar Rəhimzadədən “saxta profil” açıqlaması Hadisə

Vüqar Rəhimzadədən “saxta profil” açıqlaması

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə facebook sosial şəbəkəsində onun adına yaradılmış saxta profillə bağlı açıqlama verib.
Vüqar Rəhimzadə bildirib ki, ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarına böyük önəm verildiyi bir dövrdə bəzi qüvvələr bunun ifadəçisi kimi meydana çıxan sosial şəbəkələrdən sui-istifadə edir, müəyyən siyasi maraqlarını gerçəkləşdirmək, ayrı-ayrı şəxslərin nüfuzuna xələl gətirmək naminə yararlanırlar: "Hazırda belə xoşagəlməz münasibətlə üzləşənlərdən biri də mənəm. Bu, artıq ikinci dəfədir ki, baş verir. Ötən il prezident seçkisi öncəsi də adıma saxta profil açmışdılar. İndi həmin profili yenidən aktivləşdiriblər. Belələri Azərbaycan dövlətinin siyasətinin əsasında dayanan özünü ifadə vasitələrinə dəyər yox, qərəz və hiddəti ifadə etmə vasitəsi kimi yanaşırlar. Bu sui-istifadənin hüquqi cəza mexanizmi var və onun işə düşməsi üçün bütün mümkün imkanlar müvafiq qaydada dəyərləndiriləcəkdir. Bir daha bildirirəm ki, açılan saxta profildə siyasi əqidəmə və mövqeyimə uyğun olmayan şərhlər, münasibətlər və rəylər yer almaqdadır. Bu, ən azı vətəndaşlıq hüquqlarımın pozulmasıdır. Saxtakarlığa əl atanlar ilk növbədə bilməlidirlər ki, bütün fəaliyyətim boyu müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ideyalarına sadiq olmuşam, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi qətiyyətlə dəstəkləyirəm və ömrümün sonuna qədər belə də olacaq. Adıma saxta profil açıb siyasi mövqeyimə uyğun gəlməyən yalan, böhtan məlumatlar yayanlar həm vicdanları, həm də Azərbaycanda dövlət səviyyəsində qorunan ali qanunlarımız qarşısında cavab verməli olacaqlar. Saxtakarlıqla məşğul olanlar bilsinlər ki, belə çirkin, yaramaz əməlləri ilə əqidəmə və mövqeyimə zərrə qədər də kölgə sala bilməzlər. Bir vətəndaş kimi öz hüquqlarımı qorumaq haqqımı aidiyyəti qurumlardan rica edirəm. Əminəm ki, belə yaramaz əməllərlə məşğul olanlar barəsində ciddi tədbir görüləcək və onların kimliyi geniş ictimaiyyətə açıqlanacaq".