Professor Yefim Pivovar 70 illik yubileyi qeyd edilib Hadisə

Professor Yefim Pivovar 70 illik yubileyi qeyd edilib

Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) prezidenti, M.V.Lomonosov adna Moskva Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Heydər Əliyev Mükafatının laureatı Yefim Pivovar 70 illik yubileyini qeyd olunub.
Bu münasibətlə RDHU-da keçirilən təntənəli gecədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək yubilyarın tarix elmi, rus emiqrasiyanın və postsovet məkanı respublikalarının tarixinin öyrənilməsi istiqamətində xidmətlərindən danışıb. Səfir bildirib ki, Y.Pivovarın fundamental əsərlərindən biri də XX əsrin sonu və XXI əsrin əvvəlləri Rusiya-Azərbaycan münasibətlərinə həsr olunub. Moskva Dövlət Universitetində və Rusiya Dövlət Humanitar Universitetində Azərbaycan tarixi və dilinin tədrisi məhz onun adı ilə bağlıdır. “Siz uzun illərdir ki, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədrisiniz və bu illər ərzində ətrafınızda layiqli, düşüncəli, iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyəti olan insanları toplamısınız”, - deyə P.Bülbüloğlu bildirib.
Təntənəli gecədə Rusiyanın Maarif naziri Olqa Vasilyeva, A.S.Puşkin adına Rusiya Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti İrina Antonova, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman və başqaları çıxış edərək Y.Pivovarın elm və təhsil, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində xidmətlərindən danışıblar.
Y.Pivovar Azərbaycan jurnalistlərinə müsahibəsində bildirib ki, 70 yaşı olmasına baxmayaq, özünü gənc hiss edir. “Mənim çoxlu dostlarım, o cümlədən azərbaycanlı dostlarım var. Mən onların dəstəyini hər zaman hiss edirəm”, - deyə alim bildirib. O, iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafından məmnunluq duyduğunu qeyd edərək deyib: “Rusiyanın bir neçə ali məktəbinin Azərbaycan filialları uğurla fəaliyyət göstərir. Akademik Nərgiz Paşayevanın rəhbərlik etdiyi M.V.Lomonosov adına MDU-nun Bakı filialını xüsusi qeyd etmək istəyirəm. Sədri olduğum Rusiya-Azərbaycan Dostluq Cəmiyyəti Moskvada fəal iş aparır, müxtəlif konfranslar və görüşlər keçirir. Məsələn, bu yaxınlarda dahi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans təşkil etmişdik. Azərbaycan səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə sıx əlaqələrimiz var”.
Qeyd edək ki, Y.Pivovar Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə “Şərəf” ordeninə layiq görülüb. Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə isə ona Heydər Əliyev Mükafatı təqdim edilib.