Azərbaycanla Qazaxıstan arasında siyasi məsləhətləşmələr Hadisə

Azərbaycanla Qazaxıstan arasında siyasi məsləhətləşmələr

Xələf Xələfov: "Azərbaycan bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin etmək əzmindədir"

Dünən Bakıda Azərbaycanla Qazaxıstan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstanı isə bu ölkənin xarici işlər nazirinin müavini Samat Ordabayev təmsil edib.
Azərbaycanın Qazaxıstanla bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən X. Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Nazir müavini həmçinin ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında qazaxıstanlı həmkarına ətraflı məlumat verib və sözügedən layihələr çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlığını qeyd edib.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük prosesi zamanı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları məsələlərinə Qazaxıstanın həssaslıqla yanaşmasını ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirən X. Xələfov Azərbaycanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu, Ermənistanın təcavüzkar siyasətindən əl çəkmədiyi, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyi təqdirdə ölkəmizin bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu vurğulayıb.
Azərbaycana sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini bildirən S. Ordubayev Bakıda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. Qazaxıstanlı nazir müavini ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakterini qeyd edib. O həmçinin Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin inkişafında ölkə rəhbərlərinin müstəsna rolunu vurğulayıb.
Görüş zamanı regionda baş verən mühüm proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.