KİVDF-dən yeni müsabiqə Hadisə

KİVDF-dən yeni müsabiqə

Səbail Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu

"Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Qəzetdə dərc olunmuş yazıda "Səbail rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I -ci yer üçün bir nəfər (1 000 AZN), II -ci yer üçün bir nəfər (800 AZN), III -cü yer üçün bir nəfər (600 AZN) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.
Bundan əlavə, 10 yazı müəllifinə (200 AZN) həvəsləndirici mükafat veriləcək.
Qaliblər, həmçinin Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında www.kivdf.gov.az saytından daha ətraflı məlumat ala bilərsiniz.