
Ticarət mərkəzində yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Məlumatda bildirilib ki, ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub. Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 21:58-də söndürülüb.
Xatırladaq ki, düz 1 il əvvəl – 2013-cü ilin oktyabrın 20-də də Karvan" Ticarət Mərkəzində yanğın baş vermişdi O zaman da yanğın zamanı ticarət mərkəzində mağazası olan sahibkarlara onminlərlə manat civarında ziyan dəymişdi, xüsusilə yanğından qızıl dükanı olan sahibkarlar zərər görmüşdü.