TQDK müəllimləri mükafatlandırıb Hadisə

TQDK müəllimləri mükafatlandırıb

Tərlan

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara orta ümumtəhsil müəssisələrindən nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil olunur.
Bu zaman çoxsaylı parametrlər -nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti, imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s. əsas götürülür. Aparılmış araşdırmalar və təhlillər nəticəsində imtahan prosesində öz vəzifələrini obyektiv, peşəkar səviyyədə və qaydalar çərçivəsində yerinə yetirən nəzarətçi-müəllimlər müəyyən olunur və Komissiya tərəfindən müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılır.
Bu məqsədlə yanvarın 29-da TQDK-da 2014-cü ildə keçirilmiş imtahanlarda qeyd olunan göstəricilərinə görə xüsusi fərqlənmiş nəzarətçi-müəllimlər təltif olunub. Mükafatlandırma mərasimində TQDK-nın rəhbərliyi və kollektivi, müəllimlər, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən TQDK-nın sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərilərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib. Komissiya sədri qeyd edib ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsi də yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycan gəncləri ölkəmizin və dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil alır, regional və beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edir. Bu və digər nailiyyətlərin əldə olunmasında müəllimlərimizin əməyi danılmazdır.
Məlumat üçün bildirək ki, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib.
Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 258 saylı məktəbindən 14 nəfər; 263 və 271 saylı məktəblərinin hər birindən 12 nəfər ; 13, 73 və 283 saylı məktəblərin hər birindən 11 nəfər; 93, 114, 157, 285 və 266 saylı məktəblərin hər birindən 10 nəfər; 36, 39, 55, 99, 129, 135, 144, 150, 191, 286, 290, 299 saylı məktəblərin hər birindən isə 9 nəfər nəzarətçi-müəllimi ilə xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhərinin 6 saylı məktəbi 10 nəfər, Şəki şəhərinin 11 saylı məktəbi 13 nəfər, Lənkəran şəhərinin 7 saylı və xarici dil təmayüllü internat tam orta məktəbinin hər biri 12 nəfər; 3, 5 və 10 saylı məktəblərin hər birindən 11 nəfər, 2 saylı məktəbi isə 10 nəfər nəzarətçi-müəllimi ilə fərqlənir. Araşdırmanın nəticələri barədə TQDK tərəfindən Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.
Xatırladaq ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 248 müəllim fəxri fərmanlarla təltif olunub. Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təkmilləşdirilməsi, onlarla təşkil olunan treninqlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçiminin meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.