Azərbaycan diasporundan ABŞ-a çağırış Hadisə

Azərbaycan diasporundan ABŞ-a çağırış

ABŞ-da çıxan "The Hill" qəzetində Amerika azərbaycanlıları icmasının üzvü Ceyhun Mollazadənin "Nə üçün ABŞ-ın vergi ödəyicilərinin pulları Ermənistanın hərbiləşdirilməsinə xərclənir?" sərlövhəli məqaləsi dərc olunub. Bu barədə AzərTAc agentliyi məlumat yayıb.
Ceyhun Mollazadə yazır ki, 2016-cı il üçün büdcə layihəsində Ermənistana 18 milyon 300 min dollar vəsait ayırmağı təklif edən ABŞ administrasiyasının hərəkətlərinin məntiqi ardıcıllığını başa düşmək çətindir, çünki Ermənistan ABŞ-ın siyasi rəqiblərinin yaxın müttəfiqidir.
Ceyhun Mollazadə qeyd edir ki, Bonn Beynəlxalq Konversiya Mərkəzinin bu ilin əvvəlində açıqlanmış hesabatına görə, əhalisinin sayı və iqtisadiyyatının böyüklüyü baxımından Ermənistan ən hərbiləşdirilmiş ölkə kimi dünyada üçüncü yeri tutur. Məqalədə deyilir ki, vergi ödəyicilərinin pulları məhz bu şəkildə boş yerə xərclənir.
Bundan əlavə, elə həmin mərkəzin qlobal hərbiləşdirmə göstəricisi üzrə hesabatına görə, Ermənistan Avropanın ən hərbiləşdirilmiş ölkəsidir. Belə ki, Ermənistanın hər 10 min vətəndaşına 179 əsgər və silahlı qruplaşma üzvü düşür. Bu da qonşu dövlətlərin göstəricilərini üstələyir.
Sonda Ceyhun Mollazadə Amerika vergi ödəyicilərinin pullarının israf olunmasını dayandırmağa çağırır, çünki bu xərclər Ermənistanın getdikcə daha çox silahlanmasına kömək edir. Ermənistana maliyyə yardımı azaldılmalı, hərbi ehtiyaclarına isə ümumiyyətlə heç bir yardım ayrılmamalıdır.
Xatırladaq ki, ABŞ Azərbaycanlıları Şəbəkəsinin yazılı kampaniyası çərçivəsində dərc olunan məqalə ABŞ siyasətinin Ermənistanın qonşu dövlətlərə qarşı təcavüzkar siyasəti və onun Azərbaycan ərazilərini işğal etməsi ilə uzlaşmaması barədə Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyır.