“Nə edək, bu da bir tale imiş...” Mədəniyyət

“Nə edək, bu da bir tale imiş...”

"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov nənəsi, mərhum xalq artisti Firəngiz Şərifova ilə bağlı indiyədək heç yerdə deyilməyən maraqlı faktları açıqlayıb.
Məlumat üçün bildirək ki, aktrisa Firəngiz Şərifova Azərbaycanın tanınmış teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru Abbas Mirzə Şərifzadənin və xalq artisti, aktrisa Mərziyyə Davudovanın qızıdır. Represiya qurbanı olan Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Firəngiz Şərifova hər iki sənətkarın yolunu uğurla davam etdirib.

- Firəngiz Şərifova oynadığı rollarla hamının sevimlisi olmağı bacarıb. Xüsusən də, nənə obrazlarına görə, o, təkcə sizin deyil, hamımızın nənəsidir.
-Bu sözü çox adamdan eşitmişəm. Düşünürəm ki, Firəngiz Şərifova mənim yaşımda olan insanların da nənəsidir. Yaşı ilə əlaqədar son zamanlar daha çox nənə rollarını oynayırdı. O, həyatda da səhnədə və ya filmdə canlandırdığı nənə kimi idi.
-Siz onun oğul, yoxsa qız nəvəsisiniz?
-Oğul nəvəsiyəm.
- Eşitdiyimə görə, çox az danışan və gözəl yumor hissi olan qadın imiş.
- Çox düz buyurdunuz. Danışmağı çox xoşlamırdı. Evimizə qonaqlar gəlirdi, deyirdilər, gülürdülər. Nənə onları sadəcə dinləyirdi. Amma yeri gələndə hansısa sözü, cümləni deyib hamını güldürməyi bacarırdı. Bəzən isə otağına çəkilib, işləri ilə məşğul olurdu.
-Nənəniz öz uşaqlığından, gəncliyindən sizə və ya övladlarına nələri danışırdı?
- Mən onun jurnalistlərə verdiyi müsahibələrində yaxından iştirak etmişəm. Həyatı haqqında hətta kitab yazmışdılar. Həmin kitabda onun valideyinlərindən, həyatından, kariyerasından bəhs edilirdi. Deyərdim ki, əksər məqamları mən yaxşı xatırlayıram.
- Ulu babanız Abbas Mirzə Şərifzadənin repressiya qurbanı olmasından sonra onlar üçün bir çox qapılar bağlanıb. Mərziyyə xanıma ayaqda qalmaq, öz qızını tək böyütmək asan olmayıb. Babanızdan sonrakı həyatları necə keçib?
- Nənəm həmişə söhbət edəndə deyirdi ki, o vaxtlar ən çətin illər olub. Ziyalıları yığıb aparırdılar, ailə üzvülərinin isə onların dirisindən, ölüsündən belə xəbərləri olmurdu. Ulu babamı aparandan sonra Mərziyyə Davudova balaca boxça yığıb həmişə evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar., güllələyəcəklər. Həmişə qorxu içində yaşayıblar. Amma şükürlər olsun ki, Mərziyə xanım və nənəm repressiyadan canlarını qurtara biliblər. Pis günlər arxada qalıb. Nə edək, bu da bir tale imiş...
- Firəngiz xanımla birgə çalışan aktyor Ağaxan Salmanov bir dəfə belə açıqlama vermişdi ki, nənənizin sarışın olması və milli üz cizgilərinə sahib olmaması onun Azərbayacan filmlərində az rol olmasına səbəb olub.
- Bu faktı bilmirəm. Bəlkə də qeyri- standart üz cizgisi o zamanlar ekranda çox da yaxşı görsənmirdi. Ancaq teatrda çox rollar oynayıb.
-Firəngiz xanım "Nənənin kələyi" tamaşasında çox bilmiş, heç kimin aldada bilməyəcəyi nənə obrazını yaradıb. Bəs həyatada necə ona yalan danışanda tezmi sezirdimi?
-Əlbəttə. Nənələr həyatı görən insanlardır. İstər şəhərin göbəyində, istərsə də kəndin o tayında yaşasınlar. Fərqi yoxdur.
Maraqlı bir hadisəni sizə danışım. Nənəm Yeni il günü həmişə qardaşımla məni günortalar yatızdırardı ki, gecə saat 1-ə kimi otura bilək. Mən nə uşaq baxçasında, nə də evdə günortalar yata bilirdim. Uzanmışam, yerimdə qurcalanıram. Birdən gördüm ki, nənə gəlir. Mən də özümü yuxluğa vurdum. İçəri girdi, başa düşdü ki, yatmamışam. Oxlovu götürüb üstümə gəldi. Bütün mənzili qaçdıq. Həmin vaxt çox qorxdum. Ancaq indi yadıma düşəndə çox gülürəm. Nənəm məni oxlovla döymək istəyirdi.

-Bəs sizin sənətə necə münasibət göstərirdi?

- Rusiyanın tanınmış artistlərini göstərib, deyirdi ki, gör nə vəziyyətdə öldülər. Evdə meyitlərini tapdılar. Dünyada bu sənətə qiymət verən yoxdursa, bizdə ümumiyyətlə, yoxdur... İndi mən onu başa düşürəm.
Ancaq mənim yoluma xüsusi bir çəpər qoymadı. Deyirdi ki, sən bununla yaşayırsan. 100 manat da qazansan, sən bu işin xəstəsisən. İstədiyin işlə məşğul olmalısan. Mənə elə gəlir ki, mənim səsim olmasaydı, bu sənətdə bacarığım olmasaydı, heç doğulmazdım, yaranmazdım.
Xəstə olanda deyirdi ki, "mənə nə dərman, nə də yaşamaq üçün vasitələr lazımdır. Bu həyatda, bu bədəndə artıq öz missiyamı bitirmişəm. Mən sizə oradan kömək edə bilərəm. Oranın gücləri buradan üstündür".
Hər gün bir orqanı sıradan çıxırdı. Axırıncı günlər başını qaldıra, uzana bilmirdi. Qabırğaları yerindən çıxırdı. Çətin günlər yaşayırdı. Nənəm bu vəziyyətdə belə deyirdi ki, mənim saçımı kəsin, üzümə düşür, qəşəng görsənmirəm.
Axrıncı gün ondan soruşdum ki, bizi sevirsən? Cavab verdi ki, "mən sizi sevmirəm, sizdən ötürü ürəyim gedir".