BP: “Şahdəniz-2“ çərçivəsində işlərin 97%-dən çoxu tamamlanıb İqtisadiyyat

BP: “Şahdəniz-2“ çərçivəsində işlərin 97%-dən çoxu tamamlanıb

2017-ci ilin III rübündə "Şahdəniz-2" layihəsinin tikinti işləri uğurla davam edib. "BP-Azerbaijan" şirkətindən verilən məlumata görə, hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla - ümumilikdə 97%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Layihə işləri həm dənizdə, həm də quruda, o cümlədən "Səngəçal" terminalında və boru kəməri marşrutu boyunca uğurla davam edir.
Sentyabr ayının 6-da Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 mln. dollar dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan prezidenti iştirak edib. Artıq dənizdə "Şahdəniz" yatağı ərazisində olan Xankəndi gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.
Sentyabr ayının 15-də "Şahdəniz-2" üçün tikilən platformalardan ikincisinin - Hasilat və Dikborular platformasının da üst modulları yola salınıb və dənizdə quraşdırılıb. Bundan əvvəl iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modulları təhlükəsiz şəkildə və uğurla dənizə yola salınmış və dayaq blokunun üzərinə quraşdırılıb. Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış Hasilat və Dikborular platformasının üst tikililəri Xəzər dənizindəki "Şahdəniz" müqavilə sahəsinə Bibiheybətdəki "Azfen" tikinti-quraşdırma sahəsindən yola salınıb. Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılaraq 6 gün ərzində tamamlandı. Üst tikililər artıq suyun 94 metr dərinliyində quraşdırılmış Hasilat və Dikborular platforması dayaq blokunun üzərindədir.
Dünyanın ən iri neft və qaz terminallarından biri olan "Səngəçal" terminalında "Şahdəniz-2" layihəsindən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.