DSMF-də qeydiyyata alınan əcnəbilərin sayı artıb İqtisadiyyat

DSMF-də qeydiyyata alınan əcnəbilərin sayı artıb

Sığortaolunanların sayı üç milyon nəfərə yüksəlib

Tural

2015-ci ilin martın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 1,78 faiz artıb. Fevral ayı ərzində əlavə olaraq 251 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 22 915 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,04 faizini (20 404 nəfər) kişilər, 10,96 faizini (2 511 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 176 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 585 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1332 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (885), Çin Xalq Respublikası (766), Hindistan (628), Pakistan İslam Respublikası (473), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (366), Ukrayna (264), Özbəkistan (240), Banqladeş Xalq Respublikası (207), Almaniya Federativ Respublikası (197), Filippin Respublikası (194), Türkmənistan Respublikası (187), ABŞ (172), Qazaxıstan Respublikası (167), İtaliya Respublikası (157), Koreya (143) və s. ölkələr qərarlaşıb. 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
2015-ci il mart ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən fevral ayında əlavə olaraq 25 368 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,43 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 019 103 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 783 370 nəfər) kişi, 40,9 faizi (1 235 733 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,5 faizini (741 096 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2 faizini (671 975 nəfər) 30 yaşa kimi olan şəxslər, 21 faizini (634 695 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (634 772 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,1 faizini (336 565 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir. Fərdi uçot- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.