“Həmsədrləri səylərini artırıblar” Siyasət

“Həmsədrləri səylərini artırıblar”

Robert Sekuta: "Bir çox qüvvələr Azərbaycanın formalaşdırdığı başqalarına hörmət prinsipinə qarşı çıxıb"

"Azərbaycan haqlı olaraq bütün irqlərin və dini inancların tolerantlıq, dostluq ölkəsi kimi tanınıb".
Bu sözləri Şəkidə Kiş məbədini ziyarət edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O, Quba rayonunun Krasnaya Sloboda kəndinə səfər etdiyini, oradakı Dağ Yəhudiləri icmasından Azərbaycanda sığınacaq tapdıqları və dəstək gördükləri barədə eşitdiyi deyib: "Lakin tolerantlıq dünyada bəzən kövrək olur. Bir çox qüvvələr Azərbaycanın formalaşdırdığı başqalarına hörmət prinsipinə qarşı çıxıb. Hər bir millətdə, hər bir nəsildə biz bu yaxşı tendensiyanı qorumalı, qeyri-tolerant qüvvələrə qarşı vuruşmalıyıq".
Səfir Kiş məbədini bir çox insanlar üçün uğur hekayəsi adlandırıb: "Bu kilsəni bərpa edən və qoruyan heyətə təşəkkür edirəm. Bu, çox təsiredicidir ki, Tur Heyerdal və Norveç hökuməti bu abidəni qorumaq işinə qoşulub. Azərbaycan hökuməti də bu xəzinəni qorumaq və bərpa etmək işindəki köməyinə görə tərifə layiqdir. Bu abidə Azərbaycanın tolerantlıq tarixi və ənənəsini nümayiş etdirir. Maraqlıdır ki, bu abidənin sevgi ilə qorunduğu, qayğısına qalındığı kənd müsəlmanların kəndidir".
Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini şərh edən səfir deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusilə bizim amerikalı həmsədr münaqişə tərəflərini bir araya gətirərək problemin həlli istiqamətində səylərini artırıblar.
O bildirib ki, Azərbaycana gəldiyi ilk gündən ölkənin ötən 25 il ərzində keçdiyi tarixlə yaxından tanış olub: "Xüsusilə Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə məlumatlar əldə etmişəm. Mən məcburi köçkünlər üçün yeni tikilmiş binalarda, mənzillərdə ailələrlə görüşmüşəm. Yurd-yuvalarından didərgin salınmış, uzun müddət öz evlərindən uzaqda yaşayan insanların bu münaqişə barədə fikirləri və mövqeləri mənə çox maraqlı olub. Bildiyiniz kimi, BMT-nin qarşıdan gələn Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Minsk Qrupunun səyləri artırdığı bir vaxtda bir şeyi də bilmək lazımdır ki, qrup tərəfləri bir araya gətirəcək, lakin hər iki ölkə rəhbərliyi bu münaqişədən çıxış yolunu tapmaq üçün birgə işləməlidir".