“Rusiyanın Azərbaycana qarşı niyyətləri həmişə məkrli olub” Siyasət

“Rusiyanın Azərbaycana qarşı niyyətləri həmişə məkrli olub”

Akif Nağı: "Heç bir halda Rusiyanın mövqeyinə inanmaq olmaz"

"Bizim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşması ilə bağlı rəsmi bəyanatımız olacaq". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, görünür Rusiya hələlik aşağı səviyyəli müəyyən rəsmilərin, məmurların dilindən bu cür məlumatları yayır: "Məhz buna görə də onlar sözügedən məsələyə Azərbaycan tərəfinin reaksiyasını gözləyirlər. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti qətiyyən buna razılıq verməməlidir. İnanmıram ki, bu, real olsun. Amma hər halda Rusiya buna cəhd edərsə, Azərbaycan tərəfininin mütləq şəkildə razılığı olmalıdır. Əgər bu baş verərsə, Rusiya qoşunları Dağlıq Qarabağın ətrafına yeridilərsə bu, həmin ərazilərin birdəfəlik və qəti şəkildə itirilməsi olacaq. Biz Rusiyadan yaxşı heçnə gözləyə bilmərik. Rusiyanın Azərbaycana qarşı niyyətləri həmişə məkrli olub. Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, 20 yanvar faciəsini törədib, eləcə də Xocalının işğal olunmasında da rəsmi Moskvanın əli olub. Ona görə də Azərbaycan xalqı, hakimiyyəti də bu məsələni diqqətdə saxlamalıdır. Onlar hər hansı bir ad altında olur-olsun, hər zaman yalamnçı vədlər verə bilərlər. Heç bir halda Rusiyanın mövqeyinə inanmaq olmaz".