“İran ədalətsizliyin, işğalçının yanındadır” Siyasət

“İran ədalətsizliyin, işğalçının yanındadır”

Niyaməddin Orduxanlı: "Necə olur ki, Fələstində bir uşaq ölümünə, Şərqi Qüdsdə qanunsuz məskunlaşmalara ən kəskin reaksiyalar göstərən İran Xocalı qətliamına susur, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında məskunlaşmalarına yardım edir, onlar üçün ev tikir?"

İran rəsmilərinin Azərbaycan dövlətinin daxili işinə qarışması və bununla bağlı bəyanatlar verməsi təəssüf ki, ilk hadisə deyil.
İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinə İran rəsmilərinin qeyri-adekvat reaksiyasını şərh edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı belə deyib.
Niyaməddin Orduxanlı bildirib ki, islam həmrəyliyini əsas gətirməklə bu etirazını əsaslandıran İran rəsmiləri əvvəlcə illərdir tutduqları mövqeyə diqqət etməlidirlər:
"Fələstin dövlətinin maraqlarını və orada əzilən müsəlmanların hüquqlarını qoruduğunu deyən İran İslam Respublikası 30 ilə yaxındır ərazisi işğal altında olan qonşu Azərbaycana münasibətdə niyə bu həmrəyliyi göstərmir? Yəməndə şiə husilərin təzyiqə uğramasına qarşı çıxdığını bildirən və onlara açıq siyasi-hərbi dəstək verən İran düz sərhədində 1 milyon şiə-müsəlman qardaşının zorla yurd-yuvasından çıxarılıb, məcburi köçkünə çevrilməsinə hansı reaksiyanı verir? Bu təcavüzü həyata keçirən xristian Ermənistana iqtisadi-siyasi güzəştlər etmək, Xocalı faciəsi kimi dəhşətli soyqırım törədən, müsəlman-şiə çocuqlarını qətlə yetirən terrorçu dövlətə bütün vasitələrlə yardımçı olmaq hansı müsəlman təəssübkeşliyinə, insanlığa və bəşəri dəyərlərə sığır?"
Niyaməddin Orduxanlı Azərbaycanın uzaq İsraildənsə, yaxın qonşu, dinbir, məzhəbbir, böyük ortaq mədəniyyətə malik İranla yüksək siyasi-hərbi əlaqələr qurmasında maraqlı olduğunu da xatırladıb: "Azərbaycan ona görə sərhədlərindən xeyli kənarda yerləşən İsraillə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırır ki, qonşusu, dini bir, mədəniyyəti bir, əhalisinin yarısı qan qardaşımız olan İran haqsızın, ədalətsizliyin, terrorun, işğalçının yanındadır və şiə azərbaycanlılarının qətliamını görməzdən gəlir. İran Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistana işğal etdiyi ərazilərdən çıxması üçün heç bir təzyiq göstərmir, əksinə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi üçün bu terrorçu ölkəyə hər bir yardımı edir. Azərbaycan Ermənistanı sülhə məcbur etmək siyasəti yürüdür, onu bütün regional layihələrdən məhrum edib, bu ölkədə vəziyyət gündən-günə pisləşir, ancaq İran Ermənistanın iqtisadi çöküşünün qarşısını almaq yolunda əlindən gələn bütün dəstəyi göstərir. Müraciət etməyimizə baxmayaraq, İran şiə-müsəlman qardaşı Azərbaycana ballistik raketlərin satılmasından imtina edir, əvəzində isə Ermənistana hərbi dəstək göstərir. İsrail isə əksinə, həm dünyada diaspor təşkilatlarımıza yardım edir, həmçinin Azərbaycanın ən müasir silahlarla təmin edilməsində aktiv rol oynayır, Azərbaycanın haqq səsinin dünyada tanıdılmasına yardımçı olur".
Niyaməddin Orduxanlı İranın işğal edilmiş ərazilərdə ermənilərin müxtəlif layihələrində iştirakını, həmçinin Ermənistanla viza rejimini ləğv edərək, ticari münasibətləri ən yüksək səviyyəyə çatdırmasını da tənqid edib: "Müsəlman-şiə təəssübkeşi olan İran işğal altındakı yüzlərlə məscidi donuzxanaya çevirən Ermənistanla necə əməkdaşlıq etdiyini, müsəlmanlara qarşı soyqırım törədən, əli kiçik yaşlı müsəlmanların qanına batan Sərkisyanla qucaqlaşmasının hesabını bütün islam dünyasına verməlidir. Necə olur ki, Fələstində bir uşaq ölümünə, Şərqi Qüdsdə qanunsuz məskunlaşmalara ən kəskin reaksiyalar göstərən İran Xocalı qətliamına susur, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında məskunlaşmalarına yardım edir, onlar üçün ev tikir?"