“Çingiz Qurbanovun nəşinin qaytarılmaması vəhşilikdir” Siyasət

“Çingiz Qurbanovun nəşinin qaytarılmaması vəhşilikdir”

"Ermənilər öz çirkin sifətlərini nümayiş etdirərək 25 gündür şəhidimizin nəşini geri qaytarmırlar". Bunu şəhid əsgərimiz Çingiz Qurbanovun doğulduğu Qusarın deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, Ermənistan tərəfi bu addımı ilə beynəlxalq hüququn normalarını saymadığını göstərir. "Azərbaycan məsələ ilə əlaqədar Qırmızı Xaç Komitəsinə , ATƏT-in Minsk Qrupuna rəsmi qaydadada müraciətlər edib. Təəssüf ki, bu günə qədər ermənilərlə meyitin qaytarılması ilə əlaqədar müsbət razılıq əldə olunmayıb. Cenevre Konvensiyasında qeyd olunur ki, münaqişə zonalarında həlak olmuş insanların meyitləri 3 gün ərzində qarşı tərəfə qaytarılmalıdır. Bu, onu göstərir ki, ermənilər beynəlxalq hüquq normalarına, konvensiyalara məhəl qoymur. Ermənistandakı cinayətkar rejimdən belə hərəkətlər gözləniləndir. Bu, onların qaniçənliyini, vəhşiliyini bir daha sübut edir".
Deputat qeyd edib ki, şəhid əsgərimiz Çingiz Qurbanovun nəşinin qaytarılmaması vəhşilikdir: "Təxribatın qarşısını almaqla Çingiz Qurbanov ermənilərə layiqli zərbə endirib. Çingiz Qurbanov Azərbaycanın mərd oğludur və düşmənin təxribatının qarşısını layiqincə alaraq şəhid olub. Ona görə də düşmən əsgərimizin nəşindən qorxur və meyitlə müharibə aparır. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti Çingiz Qurbanovun nəşinin ölkəmizə qaytarılması ilə əlaqədar müəyyən beynəlxalq qurumlarla əlaqə saxlayır və düşünürəm ki, yaxın zamanda razılıq əldə olunacaqdır".
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bildirib ki, şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələ Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilib.