Azərbaycan nümayəndə heyəti BMT-nin tədbirlərində iştirak edib Siyasət

Azərbaycan nümayəndə heyəti BMT-nin tədbirlərində iştirak edib

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə aprelin 24-28-də BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil olunmuş Könüllü Milli İcmalları təqdim edəcək ölkələr üçün regional konfransda, Dayanıqlı İnkişaf üzrə Regional Forumda və UNECE-nin 67-ci sessiyasında iştirak edib.
Dayanıqlı İnkişaf üzrə Regional Forumda çıxış edən S. Həsənova Azərbaycanda bir sıra sosial proqramların uğurlu icrası və həyata keçirilən sistemli tədbirlər nəticəsində yoxsulluğun minimuma endirildiyini və dayanıqlı inkişafa nail olunduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycan prezidentinin 2016-cı il 6 oktyabr tarixli fərmanı ilə 2030-cu ilədək Dayanıqlı İnkişaf Sahəsində Gündəlikdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və 4 istiqamətdə İşçi Qrupu yaradılıb. Hazırda qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə uzlaşdırılması prosesi davam etdirilir.
Sevinc Həsənova qeyd edib ki, bu ilin iyul ayında BMT-nin Nyu-Yorkda yerləşən Mənzil Qərargahında baş tutacaq Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın ilk Könüllü Milli İcmalı hazırlanıb.
Tədbirdə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu istiqamətdə görülən işlər barədə məlumat verilib.
Səfər çərçivəsində aprelin 24-də Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar Könüllü Milli İcmalları təqdim edəcək ölkələr üçün təşkil edilmiş regional hazırlıq konfransında 15 Avropa ölkəsinin iştirak etdiyi 3-cü sessiyaya Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov sədrlik edib. Sessiyada DİM-in milli prioritetlərə uyğunlaşdırılması, müxtəlif qrupların DİM-lərə nail olunmasında rolu, monitorinq və qiymətləndirmə, həmçinin iyul ayında təqdim ediləcək Könüllü Milli Hesabatın məzmunu və strukturu geniş müzakirə edilib.