“Minsk Qrupunun həmsədrləri işğalçı ilə işğala məruz qalan tərəfləri bərabərləşdirir” Siyasət

“Minsk Qrupunun həmsədrləri işğalçı ilə işğala məruz qalan tərəfləri bərabərləşdirir”

Sevinc Fətəliyeva: "Onların son bəyanatı isə bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur"

"Torpaqları işğal olunan, əhalisinin bir hissəsinin məcburi köçkün vəziyyətinə düşən tərəf Azərbaycandır. Məhz Ermənistan dövləti hərbi təcavüz yolu ilə torpaqlarımızı işğal edib və bu gün işğal olunmuş ərazilərimizdə silahlı birləşmələrini yerləşdirib". Bunu millət vəkili Sevinc Fətəliyeva bildirib. O əlavə edib ki, münaqişənin sülh yolu ilə həllində vasitəçilik edən Minsk Qrupunun həmsədrləri isə öz fəaliyyətlərində bu faktı nəzərə almalıdır: "Amma təəssüf ki, onlar sadəcə bəyanatlar verməklə kifayətlənir, işğalçı ilə işğala məruz qalan tərəfləri bərabərləşdirir. Bu isə qətiyyən doğru deyil. Onların son bəyanatı isə bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur". Onun sözlərinə görə, dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir: "Belə ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar. Bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir. Təbii ki, işğalçı Ermənistan bütün bunlardan "ruhlanaraq" münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələrlə əl atır. Amma Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı prinsipial mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız azad edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bu hədəflərə çatmaq üçün də dövlətimiz hücum diplomatiyası həyata keçirir. Eyni zamanda, Azərbaycan güclü orduya malikdir. Qürurla deyə bilərik ki, güclü ordumuz cəbhədə düşmənin təxribatlarının qarşısını layiqincə alır. Prezident İlham Əliyev bildirib ki, bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Dövlət başçısı bir daha vurğulayıb ki, azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar".
Millət vəkilinin sözlərinə görə, həmsədrlər münaqişənin həlli ilə bağlı obyektiv münasibət ortaya qoymalıdırlar. Problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: "Görünən odur ki, cəbhə xəttində son zamanlar yaranmış gərginlik həmsədrləri narahat edir. Həmsədrlər də yaxşı bilirlər ki, münaqişənin həll olunmamsının əsas səbəbi Azərbaycan torpaqlarını Ermənistan tərəfindən işğal olunmasıdır. Ona görə də, onlar ilk növbədə erməni tərəfinə torpaqlarımızın azad olunması və dinc insanların öz yurdlarına qayıtmalarının təmin olunması haqda çağırışlar etməlidir. Amma ümumiləşmiş bəyanatlar səsləndirməklə, atəşkəsin bərpa olunması çağırışları etməklə münaqişə həll olunmayacaq.