Azərbaycan nəticəsiz danışıqlara getməyəcək Siyasət

Azərbaycan nəticəsiz danışıqlara getməyəcək

Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün dünya siyasətinin aparıcı məsələlərindən biridir.
Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycanın səyi nəticəsində münaqişə beynəlxalq birliyin aktual məsələlərindən birinə çevrilib. Deputat qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirir: "Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən münaqişənin həlli ilə bağlı cəhdlər edilir. Bu cəhdlərin bir çoxu diplomatik xarakter daşısa da, ümumilikdə problem gündəmdədir və həllinə çalışırlar". Aydın Mirzəzadə əlavə edib ki, BMT Baş Assambleyasının sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi təşəbbüsü bir müddət əvvəl irəli sürüldü, bununla bağlı hazırlıq işləri aparıldı: "Azərbaycan Ermənistandan fərqli olaraq görüş xatirinə görüş keçirilməsinin əleyhinədir. Ermənistan danışıqlarla məsələnin həllini uzatmaq və problemin həllini bacardığı qədər yubatmağa çalışır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində torpaqların işğaldan azad edilməsini və problemin siyasi həllini tələb edir".
Deputat bildirib ki, əvvəldən danışıqların nəticəsi olmayacağı bilinəcəksə, Azərbaycan danışıqlara getməyəcək: "Əgər konstruktiv müzakirələr gedəcəksə, beynəlxalq birlik təzyiq edəcəksə və Ermənistan münaqişənin həlli ilə bağlı addım atacaqsa, bu baş tutaq bilər. Hər halda görüşün baş tutub-tutmaması bu sualların həllindən asılıdır".