“Ermənistanın İranın siyasi maraqlarını düzgün qiymətləndirməməsi…” Siyasət

“Ermənistanın İranın siyasi maraqlarını düzgün qiymətləndirməməsi…”

"İran-Ermənistan sərhədində "Mehri" Azad İqtisadi Zonanın açılışını keçirdilər. Açılışda yalnız Ermənistan rəsmiləri iştirak etdi. İranın heç bir rəsmi təmsilçisi bu mərasimə qatılmadı. İranın Ermənistandakı səfiri Səccadinin bu tədbirdə çıxış etməməsi şübhə yaradır. İran tərəfdən bu tədbirə qatılanlar yalnız Ermənistanla iqtisadi əlaqələri olan biznesmenlər idi. "Mehri AİZ" ətrafındakı bu hal İranın Ermənistanın davranışına xüsusi münasibəti kimi qəbul edilə bilər. "Mehri AİZ" hal-hazırda Ermənistan hökumətinin təkbaşına layihəsidir". Bu fikirləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu səsləndirib. O bildirib ki, rəsmi İrəvan açılışdan cəmi bir neçə saat əvvəl İranla sərhəddə olan Mehri və Aqarak şəhərlərinin İranın qrantı hesabına tikilmiş qaz şəbəkəsini "Qazprom"a (RF) verməsi Ermənistanın iqtisadi siyasətdə də müstəqil olmadığını göstərdi: "2016-cı ilin dekabrın sonlarında İran prezidenti Ruhaninin İrəvana səfəri zamanı "Mehri-Nordüz" sərhəd qapılarının birgə istifadəsi barədə" mqavilə imzalandı. Rəsmi Yerevan bunu "Mehri AİZ"-in yaradılması kimi izah etdi. Ermənilər İran rəsmilərinin mövzunu tam bilməməsindən sui-istifadə etmişdilər. "Mehri AİZ"-dən əvvəl İran Araz AİZ təsis etmişdi. "Araz AİZ"-də İran, Azərbaycan, Türkiyə və Ermənistan iştirak etməli idi. "Araz AİZ"-in fəaliyyətə başlaması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini diqtə edir. Ermənistan Dağlıq Qarabağ tənzimlənməsinə hazır deyil. Amma eyni zamanda Ermənistan İranın iqtisadi imkanlarından da tam yararlanmaq niyyətində idi. Ona görə hiylə vasitəsilə "Mehri AİZ"-in yaradılması ilə bağlı sənəd imzalatdıra bildi. İran bunu sonradan başa düşdü və Ermənistanı "Araz AİZ"-ə qoşulımağa dəvət etdi. İran "Mehri AİZ"-in mart ayında fəaliyyətə başlamasına imkan vermədi. Bu səbəbdən aprel ayına da nəzərdə tutulmuş açılış reallaşmadı. Ermənistan hökuməti növbəti açılışı iyun ayına təyin etsə də, İran tərəfinin iştirak etməməsi ucbatından bu dəfə də açılış reallaşmadı. Lakin İran öz niyyətini ictimailəşdirdi: "Mehri" AİZ yalnız "Araz" AİZ-lə birlikdə əməkdaşlıq rejimində fəaliyyətə başlamalıdır. Ermənistan buna razılıq verdi. Çünki Ermənistanın danışıq strategiyası və taktikası bəllidir: Güclü piar aksiya ilə işə başla, yüksək optimizmlə davam etdir, imtina etmədən danışıqları yola ver. Nəticədə, İran "Mehri" AİZ-dən özünə xas stildə imtina etdi. Ona görə də "Mehri AİZ" təkcə Ermənistan hökumətinin layihəsi statusunu aldı. Ermənistanın İranın siyasi maraqlarını düzgün qiymətləndirməməsi onu növbəti dəfə çətin vəziyyətə qoydu".