XİN rəhbərlərinin İstanbul bəyannaməsi qəbul olunub Siyasət

XİN rəhbərlərinin İstanbul bəyannaməsi qəbul olunub

Azərbaycan Respublikası, Iran İslam Respublikası, Türkiyə Respublikasının xarici işlər nazirlərinin VI üçtərəfli görüşünün nəticəsi olaraq İstanbul Bəyannaməsi qəbul edilib.
XİN-dən verilən xəbərə görə, bəyannamədə deyilir:
"Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı ilə 3 dövlətin xarici işlər nazirlərinin Altıncı Üçtərəfl Görüşü 30 oktyabr 2018-ci il tarixində Bakı şəhərində keçirildi.
Nazirlər,
Xarici işlər nazirlərinin bundan əvvəlki Üçtərəfli Görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı Bəyannaməsinə sadiq olduqlarını vurğuladılar;
Regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradələrini bir daha təsdiq etdilər;
Müxtəlif səviyyə və platformalarda, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsinə razılaşdılar;
Beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklərini vurğuladılar;
Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında həllinin vacibliyini bir daha vurğuladılar.
Çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğuladılar; etiraf etdilər ki, JCPOA-nın uğurla həyata keçirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir;
BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İran İslam Respublikasının JCPOA-ya əməl etdiyini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə vermək öhdəliklərini xatırlatdılar; bu xüsusda ölkələri arasında ticarət və kommersiya əlaqələrinin inkişafına mənfi təsir göstədiyi üçün birtərəfli sanksiyaları pislədilər;
Terrorizm, separatçılıq və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin və onların prekursorlarının, silahların qanunsuz dövriyyəsi, insan alveri, miqrantların qaçaqçılığı, çirkli pulların yuyulması, kibercinayətkarlıq, mədəni və tarixi irsə qarşı cinayətlər və digər transmilli təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində müvafiq beynəlxalq alətlər üzərində əməkdaşlığı gücləndirmək öhdəliklərini bir daha qeyd etdilər;
Beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsinə razılaşdılar;
Beynəlxalq tranzit dəhlizləri üzərində coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialından daha da yararlanmaq və beynəlxalq tranzit sisteminə daha yaxşı inteqrasiya etmək üçün nəqliyyat infrasturukturunun inkişafı naminə əməkdaşlığın inkişaf etdirilməsi səylərini təşviq etdilər;
Üç ölkə arasında bağlılığı artırmaq üçün geniş miqyaslı layihələrin əhəmiyyətini vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun təqdim etdiyi və hər üç ölkə üçün faydalı olacaq potensialdan tam istifadə etməyi təşviq etdilər və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini vurğuladılar, habelə hər üç ölkənin xeyrinə limanların tam imkanlarından istifadə edilməsini təşviq edilməsini qeyd etdilər;
Beynəlxalq birləşmiş nəqliyyatın regional ticarətin mütəmadi olaraq genişləndirilməsini asanlaşdıran vasitələrindən biri olduğunu qeyd etdilər və üçtərəfli ticarətin təşviqi tələblərindən irəli gələrək səmərəli, iqtisadi və effektiv intermodal nəqliyyat xidmətlərinin inkişafının stimullaşdırılmasına ehtiyac duyulduğunu vurğuladılar;
Enerji sahəsində kommersiya əməkdaşlığının genişləndirilməsi istəklərini ifadə etdilər;
İqtisadi əməkdaşlığı möhkəmləndirməyə, sərmayə və ticarətin təşviqi üçün mövcud imkanlardan istifadə etməyə və bərpa olunan enerji, nəqliyyat, sərhəd və gömrük, bank işi, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit kimi sahələrdə birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın genişləndirilməsinə razılaşdılar;
Üç ölkənin biznes dairələri arasında yeni imkanların yaradılması və iqtisadi və ticarət münasibətlərinin daha da gücləndirilməsi üçün Üçtərəfli Biznes Forumun yaradılmasını təşviq etdilər; kiçik və orta sahibkarlar arasında iqtisadi və kommersiya əməkdaşlığının daha da yaxşılaşdırılmasını dəstəklədilər; rəqəmsal transformasiya sahəsində üç ölkənin ictimai, özəl sektorları və akademik dairələri arasında əməkdaşlığın əhəmiyyətini vurğuladılar;
Türkiyə, Azərbaycan və İranın müvafiq qurumları arasında elm və texnologiya sahəsində üçtərəfli tədqiqat, inkişaf və innovasiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd etdilər;
Humanitar sahədə, o cümlədən mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində birgə layihələr və tədbirlərin təşəbbüsü və təşviqi üzrə hazır olduqlarını vurğuladılar;
Müvafiq Nazirlik və Agentliklərin bu və əvvəlki bəyanatlardakı müddəaların praktiki icrasına yönəldilmiş üçtərəfli əməkdaşlığı gücləndirmələri və onları həyata keçirmək üçün səylər göstərmələrini təşviq etməyə razılaşdılar;
Üçtərəfli Sektoral Əməkdaşlıq Fəaliyyət Planının müddətinin 2018-ci ilin sonunda yekunlaşdığını nəzərə alaraq, fəaliyyət planının növbəti 3 ilə 2021-ci ilin sonunadək uzadılmasına razılaşdılar;
Üçtərəfli Sektoral Əməkdaşlıq Fəaliyyət Planında əks olunmuş sahələr üzrə üç ölkə arasında təkliflər mübadiləsini nəzərə alaraq,İranda mümkün qədər qısa zamanda keçiriləcək alt komitələrin ilk iclaslarında iştirak etmək məqsədilə VI görüşdən dərhal sonra öz nümayəndələrini müəyyən etməyə razılaşdılar;
Üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd etdilər; Növbəti görüşün İranda keçirilməsinə dair razılığa gəldilər.

Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri
Məhəmməd Cavad Zərif
İran İslam Respublikasının xarici işlər naziri
Mevlüt Çavuşoğlu
Türkiyə Respublikasının xarici işlər naziri".