Saxta yollarla “siyasi mühacir” statusu alanlar cəzalanmalıdır Siyasət

Saxta yollarla “siyasi mühacir” statusu alanlar cəzalanmalıdır

Azər Badamov: "Kimlərinsə ölkə daxilinə müdaxilə etmək cəhdləri boşa çıxır"

Artıq uzun müddətdir ki, Avropa ölkələrində saxta yollarla "siyasi mühacir" statusu almış ünsürlər istər Azərbaycan hakimiyyətinə, istərsə də, bütövlükdə Azərbaycan dövlətinin maraqlarına qarşı ən çirkin kampaniyalar aparır, o cümlədən, dövlət çevrilişi, anarxiya və terror çağırışları edərək, bu vasitələrlə nökərçilik etdikləri donor-maliyyə təşkilatlarına yarınmağa çalışırlar. Əbəs deyil ki, sağlam düşüncəli ictimai rəy dəfələrlə bu tiplərin xüsusilə erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərən xarici qurumlardan aldıqları qrantlar üstündə açıq savaşa çıxır, hətta bir-birlərini ən ağır ifadələrlə təhqirlərə məruz qoyurlar. Bu isə onu göstərir ki, belələri sadəcə, "müxalif baxışlı siyasi mühacir" adı altında guya hakimiyyətlə mübarizə apardıqlarını xarici ağalarına nümayiş etdirirlər və onları maraqlandıran yeganə amil kirli, xəyanətlər bahasına qazandıqları pul-paralardır.
Belə ünsürlərdən biri də keçmişi kifayət qədər çirkli və qaranlıq olan, "gücünü" şər –böhtanla "ölçən" Vidadi İsgəndərlidir. Artıq onun barəsində kifayət qədər materiallar, açıqlama və münasibətlər verilib və rüsvayçı kimliyi barədə demək olar ki, hər kəs məlumatlıdır. Lakin digər məqam budur ki, hazırda Fransada saxta yollarla siyasi sığınacaq alıb, özünü "dissident" kimi təqdim edən bu rəzil məxluq adıçəkilən ölkədə aşkar şəkildə Azərbaycanda sabitliyi pozmağa, cinayətlərə əl atmağa, ümumiyyətlə, qanunlara zidd olan hər şeyi tətbiq etməyə sosial şəbəkələr üzərindən çağırışlar edir. Ancaq onun bu qanunsuz əməllərinə Fransa dövlətinin müvafiq qurumları heç bir ölçü götürmürlər. Halbuki, bu cür əxlaqsızlar, cinayətkarlar barədə onlarda kifayət qədər məlumatlar var.
İlk növbədə, V.İsgəndərli kimi cinayətkarın layiq olduğu cəzasını almaq üçün Fransanın Azərbaycandakı səfirliyinə müvafiq sorğular göndərilməli, Fransa dövlətindən rəsmi olaraq, onun barəsində tədbirin görülməsi tələb edilməlidir. Bu, Azərbaycanı xalqının iradəsinə qarşı hörmətsizliyin qarşısının alınması üçün vacib amillərdəndir. Əgər bu ünsür Fransa dövləti tərəfindən sığınacaq alıbsa, demək ki, onun barəsində müəyyən materiallar da mövcuddur və Fransanın hüquq-mühafizə orqanları V.İsgəndərliyə - başqa dövlətdə oturub, digər dövlət üçün terror çağırışları edən bir cinayətkara necə deyərlər, yenidən nəzər salmalıdırlar.
Fransa dövləti ona görə bu addıma getməlidir ki, ən azından, öz daxilində davam edən məlum hadisələrdən nəticələr çıxarmalıdır. Həmçinin, insanları zorakılığa, terror törətməyə çağırmaq, qeyri-konstitusion davranışlara sövq etmək, suveren xalqın iradəsinə, demokratiya normalarına, eləcə də beynəlxalq qanunvericiliyə ziddir. Bu baxımdan, şübhəli şəkildə Fransada "siyasi sığınacaq" alaraq, özünü "dissident" elan edən, bu ölkədə yaşayaraq, Azərbaycanın dövlət institutlarını, simvollarını ən eybəcər və insanlıq çərçivəsinə sığmayan formada təhqir, təhdid edən, xalqı dövlət çevrilişinə çağıran V.İsgəndərliyə sözügedən şəraitin yaradılması qətiyyən yolverilməzdir!
Millət vəkili Azər Badamov deyib ki, şübhəli şəkildə Fransada "siyasi sığınacaq" almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir.
Deputatın sözlərinə görə, ölkəmiz haqqında pis fikirlər səsləndirən şəxslər müəyyən dairələrin maraqlarının icraçılarıdırlar: "Müəyyən dairələr var ki, bu gün Azərbaycanda gedən inkişafı, təmin olunmuş iqtisadi sabitliyi, vətəndaşların dövlətdən məmnunluğunu qəbul edə bilmirlər. Onlar çalışırlar ki, ölkə daxilində hansısa bir qeyri-sabitlik yaratsınlar və bizim inkişafımıza nəsə bir xələl gətirsinlər. Bu məqsədlə də müəyyən qədər azərbaycanlılar vəsait hesabına xaricdə yaşayan dairələri ələ alırlar və ölkəmiz haqqında qeyri-etik fikirlərin səsləndirilməsini tələb edirlər. Hamı bilir ki, bu insanlar müəyyən qrantlar, vəsait müqabilində bəzi dairələrin fikirlərini çatdırırlar. Bunlara qarşı ölkə daxilində demək olar ki, heç bir reaksiya yoxdur. Çünki bu gün Azərbaycan vətəndaşı bilir ki, ölkəmizin gələcəyi necə olacaq, Azərbaycanda dövlətin siyasəti hansı istiqamətdədir. Bu illər ərzində Azərbaycanda vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlədən vətəndaşlarımız məmnundur. Belə bir şəraitdə kimlərinsə ölkə daxilinə müdaxilə etmək cəhdləri təbii ki, boşa çıxır. Belə ünsürlərə dəstək olan ölkələrin özlərinin daxilində də dövlətə qarşı çağırışlar mövcuddur və qeyri-sabitlik ocağına çevrilmək üzrədir".