Milli Məclisin iclasında Hesablama Palatasının illik hesabatı təqdim olunur Siyasət

Milli Məclisin iclasında Hesablama Palatasının illik hesabatı təqdim olunur

Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının illik hesabatı qəbul edilib.

APA-nın məlumatına görə, Hesablama Palatasının illik hesabatını palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Hesabat müzakirələrdən sonra qəbul edilib.

***

11.28

Milli Məclisin plenar iclasında Hesablama Palatasının illik hesabatı təqdim olunur.

APA-nın məlumatına görə, hesabatı palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.

V. Gülməmmədov bildirib ki, hesabat ilinin iş planı ilə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, 10700,1 min manat dövlət vəsaitinin müvafiq qaydada bərpası, o cümlədən 9205,6 min manat (bundan əlavə 4,2 min ABŞ dolları) məbləğində vəsaitin dövlət büdcəsinin hesabına bərpası təmin edilib.

V. Gülməmmədov deyib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43,0%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub. Bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib.

Hesablama Palatasının sədri qeyd edib, 2019-cu ilin İş planına uyğun olaraq, məxfi qaydada keçirilmiş auditlər də daxil olmaqla 46 auditin nəticələri üzrə məlumatlar Milli Məclisə təqdim olunub. Hesabat ilində auditlərin 34-ü Bakı şəhərində, 11-i respublikanın ayrı-ayrı rayon və şəhərlərində, 1 isə xarici ölkədə yerləşən səfirlikdə aparılıb: “2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Hesabatda 43 maliyyə və uyğunluq auditin nəticələri icmallaşdırılıb. 2019-cu ildə Hesablama Palatasının auditorlar tərəfindən 561 sayda nöqsan müəyyən edilib. Bu hər bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illərlə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı 21,4% azalıb. Nəticədə, 2018-ci illə müqayisədə 1 tədbirə düşən nöqsan sayının azalması təqribən 3% təşkil edib. Əvvəlki illərdə olduğu kimi, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatla bağlı sahələrdə üstünlük təşkil edir”.

Hesablama Palatasının sədri bildirib ki, nəzarət tədbirlərinin nəticələrinə əsaslanaraq mərkəzi icra hakimiyyəti orqanlarına edilmiş müraciətlər də hesabata daxil edilib. Hesabat ilində kənar dövlət maliyyə nəzarət tədbirlərinin nəticəsi olaraq büdcə qanunvericiliyinin təkmilləşməsi istiqamətində də təkliflər hazırlanıb, müvafiq icra hakimiyyəti orqanlarına göndərilib: “Hər bir təklif əsas məqsədi göstərməklə hesabata daxil edilib. Büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir.

Hesabat ilində səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırmışıq. Bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirmişik. İl ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək alış və xidmətlərin həyata keçirilməməsi, dövlət vəsaitlərinin istifadəsi zamanı dövlət alışları zamanı dövlət vəsaiti hesabına bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması və qismən nail olunması və s. aiddir”.

V. Gülməmmədovonu da nəzərə çatdırıb ki, hesabat ilində 5 auditin nəticəsi ilə bağlı materiallar müvafiq qaydada Baş Prokurorluğa göndərilib. Prokurorluq orqanlarına göndərilmiş işlər arasında yenə də dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması halları daha çox olub.

Təqdimatdan sonra hesabat ətrafında müzakirələr olacaq.