Zərbə dərhal və genişmiqyaslı olacaq? Layihə

Zərbə dərhal və genişmiqyaslı olacaq?

İrəvanda baş verən siyasi ehtiras böyük regional problemə diqqət cəlb edib. Bəzi ekspertlərin fikrincə, yaxın zamanda Qarabağ müharibəsi yenidən özünü xatırlada bilər. Rusiya Strategiyalar və Texnologiyalar Analiz Mərkəzinin direktor müavini Konstantin Makienko belə təhlükənin istisna olmadığını deyib.
"Bakı Qarabağ və ətraf rayonlarının geri qaytarılmasının zaman məsələsi olduğunu gizlətmir. Təbii ki, münaqişə zonasındakı şərait Azərbayacan tərəfindən qəfildən əməliyyata başlamağı tələb edir. Həm də ilk zərbə genişmiqyaslı. Bizim ekspertlər hesab edirlər ki, gələcək də Azərbaycanın planı ehtimal ki, belə ssenari ilə gedəcək - bir neçə km əraziyə qəfil hücum, mövqelərdə möhkəmlənmə, diplomatik möhkəmlənmə və bir müddət sonra yeni hücum. Zərbə dərhal və genişmiqyaslı olacaq".
O, qeyd edib ki, iki il öncə apreldə baş verən dördgünlük hücum da ermənilər üçün qəfil və gözlənilməz oldu.
Ermənistanda müxalifət qələbə çaldı və demək olar ki, qanlı müharibəni başlayaraq hakimiyyətə gəlmiş Qarabağ klanı ölümcül yara aldı. Görəsən, Ermənistanın ehtimal edilən yeni hakimiyyəti, yəni 8 may seçkilərində baş nazir seçilmək üçün yetərincə səs alacağı ehtimal edilən Nikol Paşinyanın komandası Qarabağ münaqişəsinin həllinə necə baxacaq, yaxın vaxtlarda Azərbaycanla ortaq məxrəcə gələ biləcəklərmi?
Azərbaycanın politoloqlarının bununla bağlı fikirləri müxtəlifdir. Politoloq Fikrət Sadıqov Azərbaycanın Paşinyanla bağlı çox diqqətli olmasını vacib bilib:
"Bir şeyi unutmamalıyıq ki, Ermənistanın istənilən siyasətçisi - istər liberal, istər demokrat, istərsə də sərt olsun, "Böyük Ermənistan" xülyası ilə yaşayır. Bu utopiyaya Türkiyənin, Gürcüstanın və Azərbaycanın bir hissəsi daxildir. Bu, milli səviyədə şizofreniya halını alıb. Paşinyan da ermənidir və bu, onün üçün də strateji plandır. Amma müəyyən taktiki fərqləri ola bilər - bir az yumşaq, bir az sərt və s. Nəzərə almaq lazımdır ki, Paşinyan özü də qeyri-adekvat insandır. Onu siyasətçi saymaq düzgün olmaz, heç vaxt siyasətlə məşğul olmayıb. İşi-gücü müxalifətçilik eləmək, insanları küçələrə çıxarmaq olub, ya da ki, həbsdə olub. Ona görə də biz bir qədər diqqətli olmalıyıq, adətən belə adamlar çox təhlükəli addımlar ata bilərlər".
Politoloq Tofiq Abbasov isə Nikol Paşiyanın baş nazir seçildikdən sonra Azərbaycanla ortaq məxrəcə gəlməyə məhkum olduğunu vurğulayıb:
"Ermənistanda indiki kritik vəziyyətin yaranmasında Serj Sarkisyan hakimiyyətində müşahidə edilən koorupsiya, mafiyalaşma və s.-lə yanaşı Qarabağ münaqişəsinin həll edilməməsi üzündən ölkənin düşdüyü blokadanın da böyük rolu var. Təbii ki, bunu Nikol Paşinyan da analayır. İstər-istəməz Azərbaycanla dil tapmalıdır. Əks halda, Ermənistanın problemini həll edə bilməyəcək və ağır iqtisadi vəziyyət əhalinin güzəranını daha da pisləşdirəcək. O, özü istəməsə də, Azərbaycanla ortaq məxrəcə gəlməyə məcburdur".
Politoloq Qabil Hüseynli Nikol Paşinyanın siyasətinin Azərbaycan üçün çox təhlükəli ola biləcyini bildirib:
"Mən onun sona qədər demokrat olacağına inanmıram. Açıqlama verib ki, baş nazir olsa, ilk işi Qarabağa yürüş etmək olacaq. Deyir ki, indi erməni xalqının ruhu o qədər yüksəlib ki, Azərbaycan bunun qarşısında çətin dayansın".
Lakin Qabil Hüseynli fərdi fikri kimi onu da deyib ki, Nikol Paşinyanın baş nazir seçiləcəyinə inanmır:
"İnanmıram ki, Rusiya onun baş nazir seçilməsinə icazə versin. Bütün rıçaqlar əlindədir, deyilənə görə, Rusiya xüsusi təyanatlıları da artıq İrəvandadır. Qan tökməsələr də müəyyən tədbirlərlə fəal etirazçıları zərərsizləşdirəcəklər. 600 nəfərdən çox kriminal avtoritet Rusiyadan İrəvana boş yerə gəlməyib ki… Yəqin etirazların səngiməsini gözləyirlər. Həm də hakim Respublika Partiyasının təmsilçilərindən biri qəzetdə çıxış edərək deyib ki, Nikol Paşinyanın təkrar namizəd kimi səsverməyə çıxmağa icazəsi yoxdur. O deyib ki, qanuna görə, bir namizəd birinci səsvermədə qələbə çala bilmirsə, onun ikinci dəfə səsverməyə çıxmasına icazəsi yoxdur. Yəqin ki, mayın 8-də səsvermədə Respublika Partiyası öz namizədini irəli sürüb ona da səs verəcək".
Strateq-in məlumatına görə, tanınmış rus analitiki Stanislav Tarasov Reqnum.ru-da yazıb ki, Ermənistanda siyasi böhran davam edir. Çox ümid etmək istərdik ki, bundan çıxış yolu konstitusiya yoluyla həyata keçiriləcək. "Qanunun hər nöqtəsinə və Konstitusiyanın ruhunun gözlənilməsinin həm Ermənistanın özünün, həm də hakimiyyət və müxalifətin maraqlarından qaynaqlandığını" bildirən Erməni Milli Konqresinin lideri, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın fikriylə razılaşmamaq çətindir. O habelə vurğulayıb ki, "başqa yolla formalaşdırılan hakimiyyətin legitimliyini nə xalq, nə də beynəlxalq birlik tanıyacaq".
Əlbəttə, Ermənistanda indiki hadisələr diqqətlə öyrənilir və öyrəniləcək. Hazırda isə çox şey televiziya "kadrları" üzrə, hakim siyasətçilər və müxalifətin müxtəlif bəyanatlarından qavranılır. Səsləndirilən xülasələrlə razılaşmaq və ya höcət etmək səmərəsizdir, çünki respublikada siyasi proseslər inkişaf edir və bundan sonra da edəcək. Eynilə Ermənistan üçün imic itkisi və ya qazancı haqda sualı da cavablandırmaq mümkünsüzdür. Hadisələrin inkişafı bir ssenaridə irəliləyiş ola bilər, digərində ölkəni öz inkişafında on illərlə geri atar. Amma hazırda şübhə doğurmayan qənaət var: hadisələr bundan sonra nə qədər inkişaf edir-etsin, artıq Ermənistan əvvəlkitək olmayacaq. Amma, bax, o, "yeni" olacaqmı və bu "yeniliyin" nədən ibarət olacağını söyləmək hələlik çətindir.
Məqamın sıradakı özəlliklərini qeyd edək. Əlbəttə, Rusiya Ermənistandaklı durumu çox diqqətlə izləyir, çünki bu ölkə onun strateji tərəfdaşı, KTMT və Avrasiya Birliyinin üzvüdür. Bununla yanaşı, etirazların lideri Nikol Paşinyan Moskvanın Ermənistanın işlərinə qarışmadığını etiraf edir. Hətta Kremlin təmsilçiləri Ermənistandakı indiki hadisələri "onun müstəsna daxili işi" kimi dəyərləndirirlər. İndiki siyasi böhrana geniş kontekstdə qonşu Yaxın Şərqdəki "eskalasiya qövsü"nün özünməxsus proyeksiyası kimi yanaşmaq olar. Bu baxımdan bütün Cənubui Qafqazda sabitsizliyə səbəb olacaq əsas akselerator kimi Dağlıq Qarabağ münaqişəsini hesab etmək məntiqli olardı. Lakin faktlar bu cür baxışın bəsit xarakter daşdığından xəbər verir. Regnum İA-ya məlum olduğu qədər, Moskva münaqişə zonasında dartışan tərəflərin təmas xəttində silahlı eskalasiyanın yolverilməzliyi haqda Bakıya xəbərdarlıq edib.
Başqa ölkələr – Ermənistandakı siyasi münaqişənin bütün tərəflərini yeni hökuməti konstitusiya yoluyla seçmək üçün geniş dialoq axtarışına çağıran ATƏT MQ həmsədrləri də faktiki oxşar mövqe tutur. Xüsusən də Amerika siyasət eksperti Ceyson Smart durumu şərh edərək sıradakını bildirib: "Vaşinqton bu proseslərdə fəal oyunçu olsaydı, Dövlət Departamentinin yüksəkçinli məmurlarını, habelə konqresmenləri çoxdan İrəvana desant göndərərdi. Amma bu yoxdur, təkcə səfir Robert Millz orada durumu diqqətlə izləyir. Ermənistanda durumun necə başa çatacağı Vaşinqtonda bizə məlum deyil. Biz Ermənistanda tərəflərin heç birini dəstəkləmirik, biz bütünlükdə prosesi dəstəkləyirik".
Smart eyni zamanda Qarabağda hərbi əməliyyatların təzələnməsinə toxunaraq qeyd edib ki, "Bakı çox böyük təmkin göstərir və biz Vaşinqtonda bunu görürük. ABŞ Qarabağda hərbi əməliyyatların təzələnməsində maraqlı deyil və tərəfləri durumun bu cür inkişafından hər yolla daşındıracaq".
Obyektivlik xatirinə qeyd edək ki, Azərbaycanda əvvəlcə Ermənistandakı böhrandan faydalanmaq və Qarabağ problemini zor yoluyla çözmək çağırışları səslənib. Amma indi belə şüarlar istisna kimi səslənir. Hər şeydən əvvəl, Qarabağı böhran bürüməyib. Bir də Dağlıq Qarabağa qarşı müharibə İrəvanda "inqilabi proses" dalğasını söndürə və Bakını avtoritar təcavüzkar rolunda göstərə bilər. Azərbaycan prezidenti İlham Əliyevə bu cür neqativ imic gərək deyil. Həm də bu halda Rusiyanın, elə kollektiv adlanan Qərbin də özünü necə aparcağını bilmir. Ermənistanda yeni hökumət meydana çıxınca Bakı gözləməyə məcburdur, ancaq bundan sonra ATƏT MQ himayəsi altında münaqişənin tənzimlənməsi üzrə danışıqları təzələmək mümkün olacaq. Və sonra. Hazırda Ermənistanda istənilən yeni hökumətin Moskva ilə münasibətləri "modernləşdirməyə" cəhd edəcəyi haqda eskpertlərin xeyli qənaətləri meydana çıxıb. Məsələn, Britaniayanın məşhur politoloqu Tomas de Vaal bu barədə fikir yürüdür. Ola bilsin, Rusiyanı "bir qırağa çəkilmək" məcburiyyətinə cəhd edəcəklər. Amma onda da çətin ki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycan ssenarisi üzrə gedəcək. Axı nə qədər fırladılsa da, Moskva münaqişənin tənzimlənməsində başqa prinsiplərə tərəfdar idi və hələ də tərəfdardır. Bir sözlə, bölgədə standartsız durum formalaşır və çox şey proqnozlaşdırmaya gəlmir. Azərbaycan hələlik özünü olduqca tədbirli aparır. Lakin ən yaxın günlər Ermənistan üçün taleyeklü olacaq. Qərarlar vaxtı çatır.
Cavid