Ruslar ABŞ-da populyarlığı itirir Dünya

Ruslar ABŞ-da populyarlığı itirir

Rusların ABŞ əhalisi arasında populyarlığı son 30 ildə ən aşağı həddə düşüb. Qlobal Məsələlər üzrə Çikaqo Şurasının apardığı sorğular göstərir ki, Birləşmiş Ştatlarda ruslara münasibət lap soyuq müharibə dövründəki kimidir.
Sorğu müəllifləri respondentlərin ruslara münasibətlərini 0-dan 100-ə qədər qiymətləndirmələrini istəyiblər. Nəticələr orta hesabla 32 xal olub. Soyuq müharibə dövründə – 1986-cı ildə bu rəqəm 31 imiş.
"The Washington Post" qəzeti nəticələrə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatlarının təsir etdiyini yazır. Kəşfiyyat rusların ABŞ-da 2016-cı il seçkilərinə müdaxilə etdiyini, Donald Trump-ın prezident seçilməsinə təkan verdiyini deyib. Bu bilgini ötən həftə Federal Təhqiqatlar Bürosu (FBI) və Milli Kəşfiyyat İdarəsinin direktoru da təsdiqləyib. Hərçənd, D.Trump özü "Fox News" telekanalına müsahibəsində CIA-in məlumatına inanmadığını, bu informasiyanın gülünc olduğunu söyləyib.
Sorğuların nəticələrindən demokratlarla respublikaçıların ruslara münasibətinin fərqləndiyini görmək olar. Məsələn, iyunda aparılan sorğu demokratların ruslara münasibətini 40 xalla qiymətləndirdiyini göstərirdi, indi bu rəqəm 12% azalıb, 28-ə düşüb. Respublikaçıların münasibətində dəyişiklik azdır. Yayda ruslar respublikaçılardan 38 xal, indi isə 35 xal alıblar.
Çikaqo Şurasının sorğuları eyni zamanda Rusiyaya rəğbəti olan respublikaçıların azaldığını göstərir. Respondentlərin cəmi 15%-i Rusiyaya münasibətinin pozitiv olduğunu deyərək, ona 51 xaldan artıq qiymət verib. İyunda bu göstərici 20% olub. Respublikaçıların 10-dan 6-sı, təxminən 63%-i ruslara 50 xaldan aşağı qiymət verib. Demokratlarda bu rəqəm 70%-ə çatır.
Sorğular Rusiyanın ABŞ-da onun digər böyük rəqiblərindən də nüfuzsuz olduğunu üzə çıxarıb. Rusiyanın reytinqi Çininkindən 11% aşağıdır, Çin 41 xal alıb. Rusiyadan geri qalan təkcə Şimali Koreyadır. Respondentlər Şimali Koreyanın populyarlığını 20 rəqəmiylə qiymətləndiriblər.
Ruslarla bağlı bədbinliyə baxmayaraq, sorğuda iştirak edən amerikalıların əksəriyyəti Rusiyayla əməkdaşlığa tərəfdar olduğunu deyib. Onların 78%-nin fikrincə, bu, Suriya münaqişəsinə son qoymaq, 79%-nin fikrincə, İranın nüvə proqramını məhdudlaşdırmaq və 80%-nə görə, ümumiyyətlə, dünyada nüvə silahlarının həcmini azaltmaqdan ötrü vacibdir.
Çikaqo Şurası sorğunu dekabrın 16-dan 18-ə qədər onlayn aparıb. Sorğuda mindən çox adam iştirak edib.