Trampın kürəkəni “FTB-nin nəzarəti altındadır“ Dünya

Trampın kürəkəni “FTB-nin nəzarəti altındadır“

Prezident Donald Trampın kürəkəni və baş məsləhətçisi Jared Kuşner Rusiya ilə bağlı araşdırması çərçivəsində Federal Təhqiqatlar Bürosunun (FTB) nəzarəti altındadır. Bu barədə ABŞ kütləvi informasiya vasitələri bildirir. Məlumatlara görə, müstəntiqlər hesab edirlər ki, cənab Kuşner müvafiq məlumata sahibdir, lakin bu, onun cinayət əməlində şübhəli olması demək deyil. FTB Moskvanın 2016-ci ildə baş tutan ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları və Tramp kampaniyası rəsmilərinin Rusiya ilə əlaqələrinin olub-olmamasını araşdırır. Donald Tramp hər hansı sövdələşməni təkzib edir. Kuşnerin vəkili bildirib ki, onun müdafiə etdiyi şəxs istənilən sorğu ilə əməkdaşlıq edəcək.
Prezident Tramp vəziyyəti "Amerika tarixində siyasətçinin ən böyük əcinnə ovu" kimi təsvir edib. Adları açıqlanmayan ABŞ rəsmiləri NBC News-a deyib ki, 36 yaşlı cənab Kuşnerin FTB nəzarətində olması, onu cinayət şübhəlisi etmir. Ayrıca, "Washington Post" bildirib ki, müstəntiqlər cənab Kuşnerin ötən il Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və Moskvadan olan bankirlə keçirdiyi görüşlərə xüsusi diqqət yetirir.
Ötən həftə ədliyyə departamenti keçmiş FTB rəhbəri Robert Muellerin Rusiya təhqiqatına nəzarət üçün xüsusi müşavir kimi təyin olunduğunu bildirib. Konqres, həmçinin Rusiyanın 2016-cı il seçkilərinə ehtimal edilən müdaxiləsini və Tramp kampaniyası ilə hər hansı bir əlaqəsini araşdırır. Kuşner artıq özünün Rusiya ilə əlaqələrini müzakirə etmək üçün Senatın Kəşfiyyat üzrə Komitəsi ilə razılığa gəlib.
Xüsusi araşdırmanın aparılması prezident Trampın ayın əvvəlində ən son FTB direktoru Ceyms Komeyi vəzifəsindən azad etməsindən sonra tələb edilib. Ağ Ev cənab Trampın FTB rəhbərindən sabiq milli təhlükəsizlik məsləhətçisi Mixael Flynnin Rusiya ilə əlaqələri barədə araşdırmanı dayandırmasını istəməsi barədə iddialara görə böhrana bürünüb. Flynn fevral ayında Rusiyanın ABŞ-dakı səfiri ilə ünsiyyəti barədə yalan dediyi bəlli olduqdan sonra vəzifəsindən istefa verib. Rusiya dəfələrlə ABŞ prezident seçkilərinə müdaxilə etməsi barədə məlumatları inkar edib.