Rusiya Suriyada ölən və yaralanan ölkə vətəndaşları ilə bağlı məlumat yayıb Dünya

Rusiya Suriyada ölən və yaralanan ölkə vətəndaşları ilə bağlı məlumat yayıb

"Suriyada baş verən hərbi toqquşma zamanı Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmayan Rusiya vətəndaşları həlak olub".
Bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.
XİN konkret olaraq hansı toqquşmadan söhbət getdiyi, hadisənin hansı tarixdə və harada baş verdiyini açıqlamayıb. Bildirilib ki, aralarında MDB-yə üzv ölkələrin vətəndaşlarının da olduğu onlarla yaralı var: "Onların Rusiyaya qayıtması üçün köməklik göstərilib. Bu şəxslər müxtəlif tibb müəssisələrində müalicə alır".

İlk dəfə rəsmi Moskva Suriyada rusiyalıların ölümü ilə bağlı fevralın 15-də açıqlama yayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, onlar ilkin olaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın zərbəsi nəticəsində 5 rusiyalının ölümünü təsdiqləyirlər.
Qeyd edək ki, fevralın 7-də ABŞ hərbi aviasiyası, o cümlədən B-52 strateji bombardmançı təyyarələri Suriyanın Xişam yaşayış məntəqəsində Suriya hökumətini dəstəkləyən qüvvələrə zərbələr endirib. Hadisə yerində rusiyalı muzdlular da olub. Onlar arasında ölənlərin sayının 11 nəfərdən bir neçə yüz nəfərə qədər olması barədə məlumatlar yayılıb.