Ukraynada seçkilər başa çatdı Dünya

Ukraynada seçkilər başa çatdı

Poroşenkonun Avropa tərəfdarlarını təmsil edən bloku öndədir

Cavid
Ukraynada Ali Radaya növbədənkənar seçkilərdə səsvermə başa çatıb. Səsvermədə 35 milyondan artıq seçici qeydə alınıb. Ölkədə 36 milyon yarım insan seçici kimi qeydiyyatdan keçib. Bunların 4 milyonu Rusiyayönlü qüvvələrin nəzarətində olan Donetsk və Luqansk vilayətində yaşayır. Ukraynanın Rusiya tərəfindən anneksiya edilmiş Krım bölgəsində seçki keçirilmir. Orada yaşayan və özünü ukraynalı sayan şəxslər Ukraynanın başqa bölgələrinə gedib səs veriblər.
Ukrayna Seçki Komitəsinin açıqlamasına görə, seçicilərin 40, 42 faizi səsvermədə iştirak edib.
RİA-Novosti xəbər verir ki, yeddi siyasi partiya parlamentin tərkibini müəyyənləşdirib. Seçicilərin 22,2 faiz səsini toplayan grezident Pyotr Poroşenkonun bloku liderlik edir.İkinci sırada baş nazir Arseni Yaçenyukun Xalq Cəbhəsi partiyası qərarlaşıb - 21,8 faiz. Sonrakı yerlərdə Lvov merinin partiyası (14,2 faiz), "Müxalifət bloku" (7,8 faiz), Oleq Lyaşkonun Radikal Partiyası (6,4 faiz), millətçi partiyası "Azadlıq" (5,8 faiz) və sonuncu mövqedə isə sabiq-baş nazir Yuliya Timoşenkonun partiyası (5,6 faiz) gəlir.
Parlament seçkilərinin nəticəsi olaraq Ukraynada qərbyönlü oriyentasiyanın möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda seçki nəticələri Ukraynanın şərqi və qərbi arasındakı parçalanmanı daha da genişləndirəcək. Əslində, ölkənin şərq hissəsində Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətindəki regionlarda səsvermə keçirilməyib. Separatçılar bu ərazidə gələn ay öz seçkilərini keçirməyi vəd ediblər. Rusiya tərəfindən ilhaq olunmuş Krımda da səsvermə keçirilməyib. Bu, Ukraynada 2012-ci ildən bəri ölkə parlamenti Ali Radaya keçiriııən ilk seçkilərdir. Seşkidən əvvəl rəy sorğuları 450 mandatlıq parlamentdə hazırkı president Poroshenkonu dəstəkləyən müstəqil partiyaların üstünlük qazanacağını göstərib.
Bundan bir qədər əvvəl Poroshenko seçicilərdən onun partiyasını dəstəkləməyi rica etmişdi ki, vəd olunmuş islahatların parlamentdən keçməsi mümkün olsun.
"Parlamentdə belə bir çoxluq olmazsa, prezidentin proqramı sədəcə olaraq kağız üzərində qalacaq" deyə Poroşenko qeyd etmişdi…
Mətbuat xəbər verir ki, şərqin separatçı regionları çıxılmaqla ölkənin qalan yerlərində canlı və bəzən gərgin səsvermə gedib. Namizədlərin arasında yeni simalar - təhqiqat jurnalistləri, könüllü batalyonların döyüşçüləri və bir çox ifrat sağçı siyasətçilər var.
"The Guardian" qəzeti yazırdı ki, Kremlin Ukraynanın faşist ölkəsinə çevrildiyi barədə iddialarına baxmayaraq, əsas ifrat sağçı partiyalar – "Svoboda" və "Sağ Sektor"un elə də uğur qazanacaqları gözlənilmir. Digər radikal partiyaların parlamentdə mandat qazanmaq üçün lazım olan 5 faizlik baryeri keçəcəyi gözləniləndir. Bunların arasında Rusiyaya meylli separatçıların dindirilməsində mübahisə doğuran metdoları ilə şəxsən iştirak etmiş ziddiyyətli siyasətçi Oleq Lyasşo-nun partiyası daha şanslıdır. Parlamentdə 450 yerdən yarısı proporsional qaydada partiya sihaılarındakı namizədlərə veriləcək. 198 millət vəkili fərdi qaydada dairələrdən seçiləcək.Bu zaman Krıma və qiyamçıların nəzarətində olan ərazilərə aid 27 yer boş qalacaq.
Onu da bildirək ki, prezident Poroşenko separatçılardan geri alınmış Kramatorsk şəhərində səsvermənin gedişini izləyib. "Mən bura xidmət heyətinin səs hüququnu müdafiə etmək üçün gəlmişəm. Bu gün azad olunmuş bu torpaqda Ukrayna hərbçiləri ölkəmizin Avropa gələcəyi üçün səs verirlər" deyə Ukrayna prezidenti bildirib. Kiyevə qayıdaraq burada səs verən Poroşenko deyib ki, o, öz səsini vahid, Avropa Ukraynasına verib.
Bununla belə, beynəlxalq müşahidəçilər bir sıra "ciddi narahatlıqlar"ını bildiriblər. Onların fikrincə, ölkənin şərqində baş verən zorakılıqlar seçkilər üzərində öz təsirini buraxıb. ATƏT-in müşahidə missiyasının rəhbəri isveçli Kent Harstedt deyib ki, bu, onun indiyədək izlədiyi ən çətin seçkilərdən biri olub. O narahatlıq ifadə edib ki, ölkənin şərqində minlərlə insan səsvermə hüququndan istifadə edə bilməyib. Bununla belə, cənab Harstedt ümid edir ki, parlament seçkisi Ukraynanın yeni tarixində dönüş nöqtəsi olacaq. ATƏT müşahidəçiləri həmçinin Moskvada təxminən üç milyon ukraynalının səs verməsini monitorinq ediblər.
Ukrayna prezidenti Poroşenko bunu səsvermə günü Kramatorsk şəhərində deyib: "Mənim fikrimcə, bu, tamamilə yeni parlament olacaq. İnqilabdan sonra bərqərar olan yeni ölkəmizə və onun yeni xalqına uyğun bir parlament.Görürsünüz, burada - anti-terror əməliyyatının getdiyi bölgədə çoxlu sayda insan səsverməyə gəlib. İnsanlar aktiv şəkildə seçkiyə gedib, islahatlara səs verirlər".Şəhər bir müddət öncə rusiyameylli separatçılardan alınıb və hazırda onlarla təmas xəttində yerləşir.
Kramatorskdan Kiyevə səs verməyə qayıdan Poroşenko seçiciləri "islahat aparmağa qadir, korrupsiyalaşmamış, sovetyönümlü yox, avropayönlü parlament" seçməyə çağırıb.
Kiyevdə seçkiyə Hollivud filminin qəhrəmanı Darth Vader - "ulduz desantı" formasında və maskasında gələn şəxsə səs verməyə icazə verilməyib. Ondan qanuna əsasən, üzünü göstərmək tələb olunsa da, bunu etməyib. Ukraynada bu geyimlə siyasi tryukları İnternet Partiyası edir.
Ukraynanın başqa siyasi liderləri - Kiyev meri Vitali Kliçko və baş nazir Arseniy Yatsenyuk da səs veriblər. Kliçko deyib ki, səlahiyyət müddəti bitən parlament keçmiş prezident Viktor Yanukovych-in vaxtından qalıb. Ona görə də yeni insanlardan ibarət parlamentə ehtiyac var.
Keçmiş bas nazir Yulia Timoşenko və onun həyat yoldaşı Oleksandr Timoşenko da parlament seçkilərində səs veriblər. Bunun üçün onlar oktyabrın 26-da Dnipropetrovskdakı seçki məntəqəsinə gediblər. "Ukrayna dinc və uğurlu Avropa ölkəsi olmalıdır" - deyib Timoşenko. O əlavə edib ki, bu cür Ukraynaya səs vermək "bizim inqilab zamanı həyatını itirmiş Ukrayna qəhrəmanlarının ruhu qarşısında borcumuzdur".
Seçkilər günü atəş səsləri də eşidilib. Ukrayna ordusunun sözcüsü bildirir ki, atəşkəs olmasına baxmayaraq, oktyabrın 24-dən bəri 10 əsgər yaralanıb. Ukraynanın Mərkəzi Seçki Komissiyası sentyabrn 25-də saytının kiber hücumlara məruz qaldığını deyib.
Daxili işlər naziri Arsen Avakov deyib ki, səsvermə günü təhlükəsizliyin qorunmasına hüquq mühafizə orqanlarının 140 mindən çox əməkdaşı cəlb edilib.