Rusiya hücuma hazırlaşır Dünya

Rusiya hücuma hazırlaşır

Üç dövlət yenidən Moskvaya qarşı birləşdi

Cavid

Ukraynanın şərqində Donetsk və Luqansk vilayətlərində ağır döyüşlər yenidən başlayıb. Ukrayna mətbuatı yazır ki, separatçılar ordunun nəzarəti altında olan bölgələrə qəfildən hücuma keçiblər. Separatçılar minomyot və "Qrad"lardan istifadə ediblər. Güclü partlayış və silah səsləri eşidirilir. Son məlumatlara görə, Ukrayna ordusu itki verib. Xeyli sayda yaralı var. 3 əsgər isə həlak olub.
Qeyd edək ki, bundan əvvəl rəsmi Kiyev və NATO bəyan etmişdi ki, Rusiya qoşunları və hərbi texnikası artıq Ukrayna ərazisinə daxil olub. O da bildirilir ki, Donbas hövzəsində terrorçular və Rusiya qoşunları yenidən hücuma hazırlaşırlar. Unian.net-in verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurası separatçıların və Rusiya qoşunlarının hərbi bölmələrinin hücum hazırlığını qeydə alıb. A.Lısenko həmçinin qeyd edib ki, son günlərdə Ukrayna antiterror güclərinin mövqelərinə qarşı tərəfdən açılan atəşin sayı azalıb. A.Lısenko güman edib ki, bu Ukraynanın şərq regionlarındakı güclü dumanla bağlı ola bilər.
Avstraliyanın Brisben şəhərində keçirilən "Böyük iyirmiliyin" sammitində isə Rusiya prezidenti Vladimir Putin Kanadanın baş naziri Stiven Xarper ilə görüşdə Rusiya qoşunlarının Ukrayna ərazisində olmadığını bildirib. Kanada baş nazirinin "Rusiya qoşunları Ukraynanı tərk etməlidir" tələbinə Putin "Rusiya qoşunlarının Ukraynadan çıxarılması mümkün deyil. Biz orada deyilik" deyib.
Brisbendə Putin separatçılar tərəfindən işğal olunmuş Donbası Çeçenistana oxşadıb. Putin jurnalistlərə verdiyi açıqlamasında deyib ki, Ukrayna hökuməti tərəfindən bu regionların maliyyələşdirilməsinin dayandırılması səhv addımdır və prezident Poroşenkonu bu məsələyə yenidən baxmağa çağırıb.
"KİV-dən öyrəndiyimə görə, Ukrayna prezidenti Donetsk və Luqansk vilayətlərinin iqtisadi blokadası haqqında sərəncam imzalayıb. Hesab edirəm ki, bu, böyük səhvdir. Çünki onlar öz əlləri ilə həmin regionları ayırırlar. Mən bu barədə Pyotr Alekseyeviçlə danışacam", - Putin deyib.
Putin hər kəsi Qafqzdakı faciəvi günləri xatırlamağa çağırıb: "Hətta ən ağır vaxtlarda belə biz Çeçenistan Respublikasının maliyyələşdirilməsini dayandırmadıq. Mütəmadi olaraq nəinki pensiyaları, həm də büdcə subsidiyalarını ödədik. İlk baxışdan bu ağılsız kimi görünə bilərdi. Orada vəziyyətə nəzarət edən insanlar heç vaxt pulları ogurlamadılar və o pulları pis şeylərə xərcləmədilər".
Politoloq Orxan Qafarlı bildirib ki, II Minsk görüşündən əvvəl Rusiya mümkün qədər Donetsk və Luqanskda siyasi hakimiyyətini gücləndirməkdən ötrü buraya iqtisadi dəstəyini artıracaq.
Politoloqun sözlərinə görə, ABŞ Rusiyaya qarşı üçüncü iqtisadi sanksiyalar paketini irəli sürmək istəyir: "Ukrayna ilə Rusiya arasında II Minsk görüşünə az qalıb. Ukrayna tərəfi bu görüşün keçirilməsinin mümkünsüz olduğunu deyir. Bəs əslində necədir? II Minsk görüşündən əvvəl Rusiya mümkün qədər Donbasda siyasi hakimiyyətini gücləndirməkdən ötrü buraya iqtisadi dəstəyini artıracaq. Üstəlik, Moskva bölgədə sabitlik dönəminin qarşısını alır. Bunun səbəbi isə Rusiyanın güclü tərəf kimi görüşlərə qatılmaq istəməsidir. Amma ABŞ və Ukrayna bunu bilir. Görüşdən əvvəl Kiyev və Vaşinqton Moskvaya qarşı üçüncü iqtisadi sanksiyalar paketini həyata keçirmək istəyir. Amma Almaniya buna qarşı çıxır və Avropada gərginliyin artıracağını bildirir. ABŞ üçüncü iqtisadi sanksiyalar paketini təktərəfli etmir, lakin Avropa İttifaqını da buna raza sala bilmir. Çıxış yolu isə indi neftin qiymətlərinin daha da enməsi nəticəsində Rusiyanın zəifləməsini gözləməkdir. Daha doğrusu Qərb Rusiyanın içində bir iqtisadi böhran gözləyir. Bunun üçün də Minsk görüşlərini 2015-ci ilin martına saxlamaq istəyirlər. Rusiya anlayır ki, saatlar keçdikcə onun siyasi manevra imkanları məhdudlaşır və ABŞ-ın hesabı nədən ibarətdir".
Bu arada ABŞ, Yaponiya və Avstraliya Rusiyaya qarşı birgə mübarizə aparmaq niyyətindədir.
ABŞ prezidenti Barak Obama, Yaponiyanın baş naziri Sindzo Abe və Avstraliyanın baş naziri Tonni Ebbot G20 sammitində üçtərəfli görüş zamanı Rusiyaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.
Tərəflər bəyan edib ki, onlar Krımın Ukraynaya qaytarılması, Donbasda münaqişənin dayandırılması istiqamətində birgə səy göstərəcəklər.
Qeyd edək ki, Obama G20 sammitində bəyan edib ki, Rusiya Ukrayna ilə bağlı yürütdüyü siyasətin kursunu dəyişməzsə, rəsmi Moskvaya qarşı təzyiqləri artırmaq lazımdır. Böyük Britaniyanın baş naziri Devid Kemeron da yeni sanksiyaların olacağı barədə də xəbərdarlıq edib.
Rusiya prezidenti Vladimir Putin isə sammiti vaxtından əvvəl tərk edib.
Polşanın sabiq baş naziri Donald Tusk bildirib ki, dünyada Rusiya Federasiyası ətrafında atmosfer dramatik tempdə pisləşir.
Onun sözlərinə görə, dünyada Rusiya qarşı münasibət olduqca pisdir və sürətlə pisləşməkdə davam edəcək. İki həftə sonra Avropa Şurasının sədr vəzifəsi icra etməyə başlayacaq sabiq baş nazir bildirib ki, Ukrayna böhranı onun rəhbərliyinin altında Avropa Birliyinin birinci sammitinin əsas mövzusu olacaq: "Ukrayna böhranı bizim üçün əsas mövzulardan olacaq. Biz hücumların növbəti dalğasını müşahidə edirik, bu artıq müharibədir". Sabiq baş nazir həmçinin vurğulayıb ki, "Böyük iyirmiliyin" Brisben sammit zamanı qərb liderlər Putinə onun siyasətinə necə yanaşdığını hiss etdirdilər.
Ukrayna mediası yazır ki, Şərqi Ukraynada separatçıların əlində hazırda 703 nəfər əsir saxlanılır. Bu barədə Əsirlərin Azad Olunması Mərkəzi "Facebook" səhifəsində deyilir.
Mərkəzin məlumatına görə, əsirlikdə yalnız hərbi qulluqçular deyil, həm də mülki şəxslər var.
Qeyd edək ki, Əsirlərin Azad Olunması Mərkəzi "Zabit korpusu" cəmiyyətinin təşəbbüsü ilə yaradılıb. Ukrayna Silahlı Qüvvələr, Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi veteranları onun üzvləridir. Mərkəzin rəhbəri general-polkovnik Vladimir Rubandır.
Rusiyanın Luqanska yardım aparan humanitar karvanı isə Ukrayna sərhədini keçərək Rostov vilayətininə daxil olub.
RİA Novosti bildirir ki, bu barədə FHN-nin böhran situasiyalarında milli idarəetmə mərkəzinin rəis müavini Oleq Voronov jurnalistlərə məlumat verib.
"Luqanska humanitar yardım aparan 20 "KamAZ" geri qayıdıb", - Voronov bildirib.
Eyni zamanda Donetskə yük aparan 55 maşının boşaldılması hələ başa çatmayıb.
Donbasa yollanan və 70 maşından çox yeddinci karvan Donetsk və Luqanska 450 ton yuk aparıb: elektrotexnika avadanlıqları, inşaat materialları, həmçinin yanacaq sürtkü materialları. Yardım Donetsk və Luqansk hökumətlərinin müraciətləri əsasında həyata keçirilib.
FHN-in məlumatına görə, avqustun 23-dən noyabrın 4-dək cəmi altı karvan Donetsk və Luqansk vilayətlərinə 8 tondan artıq humanitar yardım - ərzaq məhsulları, tibb ləvazimatları, geyim, yanacaq, inşaaat materialları və digər zəruri materiallar aparıb.