Bakıda küçədən dəniz artilleriya mərmisi aşkarlanıb - FOTO Hadisə

Bakıda küçədən dəniz artilleriya mərmisi aşkarlanıb - FOTO

Bakıda küçədən artilleriya mərmisi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 305 mm-lik dəniz artilleriya mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.