Los-Ancelesdə Azərbaycana dair təqdimat keçirilib Hadisə

Los-Ancelesdə Azərbaycana dair təqdimat keçirilib

ABŞ-ın Los Anceles şəhərinin yəhudi icmasının nüfuzlu dini mərkəzlərindən olan "Valley Outreach" sinaqoqunda Azərbaycana dair təqdimat keçirilib. Təqdimatda sinaqoqun 500 nəfərə yaxın üzvü iştirak edib. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edib.
Baş Konsulluqdan verilən xəbərə görə, sinaqoqun rəhbəri, ravvin Ron Li Paz tədbiri giriş nitqi ilə açaraq Azərbaycan baş konsulunun dəvət olunmasının təsadüf olmadığını vurğulayıb. O bildirib ki, hazırda Yaxın Şərq regionu başda olmaqla, dünyanın bir çox bölgələrində dini dözümsüzlüyün və fərqli mədəniyyətlərə qarşı zorakılığın artdığı bir vaxtda Azərbaycan öz qədim tolerantlıq ənənələri və dünyəvi dövlətçilik praktikası ilə dünya xalqlarına çox dəyərli mesajlar verir və bu səpkidə nümunəvi model təşkil edir. O, Azərbaycanı "qaranlıqlara işıq saçan nur" adlandırıb. Ravvin Li Paz daha sonra sözü baş konsul N. Ağayevə verib.
N. Ağayev Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verərək Sovet İttifaqının süqutundan sonra Azərbaycanın keçdiyi sürətli inkişaf və çağdaşlaşma yolundan bəhs edib. Diplomat qeyd edib ki, Azərbaycan xalqı 1918-ci ildə İslam dünyasında ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutub. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu bildirən N.Ağayev, bu ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyi ilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını vurğulayıb.
Diplomat çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Tədbir daha sonra sual-cavab hissəsi ilə davam etdirilib. Baş konsul iştirakçıları maraqlandıran müxtəlif sualları cavablandırıb.