“Oğurluq edən polis məsuliyyətə cəlb ediləcək” Hadisə

“Oğurluq edən polis məsuliyyətə cəlb ediləcək”

Srağagün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə polis əməkdaşı olduğu iddia edilən şəxsin satışda olan sarı metal əşyanı götürüb cibinə qoyduğunu əks etdirən videogörüntü paylaşılıb və iddia edilib ki, götürülən əşya qızıl bilərzikdir.
Məsələ ilə bağlı bu gün DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, artıq görüntülərlə bağlı ilkin araşdrıma aparılıb: "Videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, DİN-in aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb. Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən, polis əməkdaşıdır və paytaxtdakı mühafizə idarələrindən birində polis nəfəri kimi xidmət edib. Onun cibinə qoyduğu əşya isə qızıl bilərzik deyil, metro stansiyalarının önündə satılan adi bijuteriyadır".
E. Zahidovun dediyinə görə, həmin gənc əməkdaş aidiyyəti idarəyə dəvət olunub və sorğu zamanı törətdiyi xoşagəlməz və polisin adına yaraşmayan hərəkəti 2018-ci ilin oktyabr ayında törətdiyini etiraf edib: "Daxili işlər orqanlarının nüfuzuna xələl gətirən və polisin adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə həmin əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric edildi. Eyni zamanda, törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün o, məsuliyyətə cəlb ediləcək".
E.Zahidov onu da xüsusi vurğulayıb ki, DİN rəhbərliyi bu cür hallara qarşı daim barışmaz və güzəştsiz mövqe tutub və bu istiqamətdə qətiyyətli tədbirlər görür.