Məcburi köçkünlərin sosial təminatı ildən-ilə yaxşılaşır Hadisə

Məcburi köçkünlərin sosial təminatı ildən-ilə yaxşılaşır

2019-cu ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində az qala hər gün Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni bir sərəncamın şahidi oluruq.
Bu sözləri Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncamını şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Deputat əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılmasını çox yüksək qiymətləndirib:
"Sərəncama görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq. Bütün bu addımlar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Əvvəlcədən müəyyənləşdirilmiş və planlı xarakter daşyan bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaqdan ibarətdir. Nəinki MDB məkanında, bütövlükdə dünyada çox az saylı dövlət tapıla bilər ki, əhalinin sosial problemlərinin həllinə bu qədər diqqət göstərsin. Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində sosial qayğıya ehtiyacı olan xüsusi kütləvi təbəqə formalaşıb və onların sayı təqribən bir milyona bərabərdir. Bu isə dövlət üçün əlavə maliyyə mənbələri tapmaqla onu sosial sferaya yönəltmək zərurəti formalaşdırır. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək üçün imkanlar yaradıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətin davamlı olması perspektivlərini müəyyənləşdirib. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahürüdür".
İqtisadçı ekpsert Vüqar Bayramov isə deyib ki, Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncama əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb. 2017-ci ilin yanvar ayının 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərinin xərcinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir. O bildirib ki, 2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat, son dəyişikliklərdən sonra isə bu rəqəm 50 faiz artırılaraq 60 manata çatdırılıb.
Ekspertin sözlərinə görə, bununla da məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək: "Bu o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəllər bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq".
V. Bayramov söyləyib ki, birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir: "Bunun məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Əvəzsiz ödənilən vəsait praktiki olaraq dövlətin dəstəyidir. Bu kontekstdən son addım Azərbaycan həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Praktiki olaraq, həssas qrup hesab edilən məcburi köçkünlərin sosial təminatının daha yaxşılaşmasına dəstək kimi xarakterizə olunur".