Epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər Hadisə

Epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər

İnternetdə qadağan edilən məlumat yerləşdirənlər də cərimələnəcəklər

Azərbaycanda internet informasiya ehtiyatında yayılması qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadiçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 mnatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənlərin şəxsiyyəti nzəərə alınmaqla 1 ayadək müddətdə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə isə epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.
Epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qeyd edək ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna da dəyişiklik ediləcək.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütlləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməməlidir.
Dəyişiklik layihəsi Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirə olunacaq.