Toyuq məhsulları seçərkən nələrə diqqət etməliyik? Hadisə

Toyuq məhsulları seçərkən nələrə diqqət etməliyik?

Qida Təhlükəsizliyi Agentliyinin Siyəzən şəhərində fəaliyyət göstərən quş kəsimi və qablaşdırma sexinə baxış zamanı ortaya çıxardığı faktlar böyük rezonans doğurub. Müəssisənin heç bir sanitar-gigiyenik normalara cavab vermədən fəaliyyəti, istehsal etdiyi toyuqlara xüsusi iynə ucluqları vasitəsilə su vurulması və bu yolla çəkinin süni yolla artırılması istehlakçılar arasında ciddi narazılıqla qarşılanıb. Baş verənlər öz növbəsində broyler toyuqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Ortaya haqlı suallar çıxır: Gündəlik qida rasionumuzda əhəmiyyətli yer tutan toyuq məhsullarını istehlak edərkən hansı qaydalara riayət etməliyik?
Mövzunun aktuallığını nəzərə alaraq, müraciət etdiyimiz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) soruğumuza cavab olaraq bildiriblər ki, normativlərə uyğun yetişdirilməyən heyvan mənşəli məhsullar müxtəlif xəstəliklərə yoluxma riskini artırır: “İlk növbədə hər bir müəssisədə dövlət baytarlıq nəzarəti təşkil edilməli və istehsala buraxılan məhsullar müvafiq yoxlamadan sonra satışa buraxılmalıdır”.
AQTA xəbərdarlıq edir ki, quş kəsimi müəssisələri “E.coli”, “Salmonella spp”, “S.aureus”, “L.monocytogenes”, “koliformlar”, “klostridiyalar”ın, kif və maya göbələkləri kimi zərərli mikroorqanizmlər üçün münbit şəraitə malikdir və istehsal prosesinə nəzarət olmadan satışa buraxılan məhsullar xüsusi risk qrupundadır: “Ətin saxlanılması, daşınması, satış yerlərinə çatdırılması, bir sözlə əvvəldən axıra qədər bütün proses müvafiq protokollarla uyğun həyata keçiriməlidir ki, əhali sağlam qida məhsulları ilə təmin olunsun”.
“Müxtəlif xəstəliklərin yayıldığı və bəşəriyyəti təhdid etdiyi hazırki şəraitdə istehlakçılar hansı toyuq məhsullarından istifadə etməlidir?” sorğumuza cavabında Agentlikdən deyiblər ki, ilk növbədə məhsulun istehsal tarixinə və orqanoleptik xüsusiyyətlərinə diqqət yetirilməlidir: “Əgər aldığınız toyuq məhsulu ilə bağlı hər hansı tərəddüdünüz varsa, müvafiq sənədləri tələb edə bilərsiniz. Bunun üçün məhsulun üzərindəki məlumatlara xüsusi diqqət yetirməli, baytarlıq və digər sertifikatları tələb etməlisiniz. Yaxşı olar ki, öz nüfuzunun qeydinə qalan, ictimai rəylə hesablaşan şirkətlərin istehsal etdiyi məhsullara üstünlük verəsiniz”.
Agentlikdən bildirdilər ki, vətəndaşlar toyuq və toyuq məhsulları alarkən onun tərkibi və keyfiyyəti ilə bağlı hər hansı sualları və şübhələri yaranarsa, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - “Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.