Narkomaniya-bəşəriyyətin bəlası Hadisə

Narkomaniya-bəşəriyyətin bəlası

Bakının Xətai rayonu 221 saylı tam orta məktəbində keçirilən
tədbirdə qonşu rayonun məktəblərinin nümayəndələri də iştirak ediblər

"Narkomaniyaya yox deyək, sağlam həyat tərzi keçirək" mövzusuna həsr edilən tədbirdə Xətai Rayonu Təhsil Şöbəsinin psixologiya üzrə ştatdankənar metodbirləməsinin sədri Mahirə Təhməzova, habelə Xətai və Suraxanı rayonlarının tam orta məktəblərindən psixoloqlar, valideynlər iştirak ediblər. Tədbirin təşəbbüskarı və təşkilatçısı, məktəbin psixoloqu Afaq Məmmədova iştirakçıları salamladıqdan sonra qeyd edib ki, şagirdlərə sağlam həyat tərzinin aşılanmasında, onlar arasında zərərli vərdişlərə, xüsusilə narkotikaya qarşı meylin qarşısının alınmasında ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, xüsusilə psixoloqları qarşısında da mühüm və məsul vəzifələr durur. Belə tədbirlər bu istiqamətdə görülən işlərin tərkib hissələrindən biridir.
Sonra söz mərasimin aparıcıları olan şagirdlərə verilib. Onlar əvvəlcə Azərbaycanda narkoloji mərkəzlərdə qeydiyyatda olan 28 min nəfərdən çox narkotika istifadəçisinin böyük əksəriyyətinin gənclər olduğunu, 500 nəfərdən çox gənc qadının da bu bəlanın qurbanına çevrildiyini, dünyada Qazanılmış İmmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyinə yoluxanların 4 min nəfərdən çoxunun Azərbaycanda qeydiyyata alındığını, təkcə 2013-cü ildə ölkəmizdə bu ölümcül xəstəliyin 750 nəfərdə aşkar edildiyini və onların da 735 nəfərinin azərbaycanlı olduğunu slaydlarla aparılan təqdimat vasitəsilə iştirakçıların diqqətinə çatdırıblar. Sonra psixoaktiv maddələrin qəbulu və onu zəruri edən səbəblər, habelə narkotikanın insan həyatına bəxş etdiyi fəlakətlər barədə söhbət açılıb, video-materiallar göstərilib.
Cəmiyyətimizdə narkomanlara münasibət məsələsi də tədbirin əsas qayələrindən biri olub. Bu baxımdan səhnədə təşkil edilən iki aksiyada səsləndirilən şüarlar (birinci aksiyada "Narkomanlara ölüm!", "Rədd olsun narkomanlar!", "Narkomanlar cəmiyyətimizin düşmənləridir!", "Narkomanlara aramızda yer yoxdur!", ikinci aksiyada "Narkomaniya bəşəriyyətin bəlasıdır!", "Narkomanlar cəmiyyətin dünənki sağlam üzvləridir!", "Narkomanlara qarşı həssas olaq, onları sıralarımıza qaytaraq!", "Heç kəs anadan narkoman doğulmur!" şüarları) iştirakçılarda böyük maraq doğurub. Tədbirdə vurğulanıb ki, narkomaniyaya aparan yol ilk zərərli vərdiş olan siqaretə və spirtli içkilərə aludəçilikdən başlayır. Narkomanın itirdiyi isə sağlamlıq, iş, vəzifə, dostlar, yaxınlar, ailə və cəmiyyət olur.
Tədbirdə nümayiş etdirilən "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı video-çarx, mövzu ilə bağlı şagirdlər tərəfindən göstərilən müxtəlif oyunlar və səhnəciklər iştirakçılarda təsirli iz buraxıb.
Məktəbin direktoru Nizami Əzizov, təşkilatçı müavin Arzu Məmmədova, Xətai Rayon Təhsil Şöbəsinin psixologiya üzrə ştatdankənar metodbirləməsinin sədri Mahirə Təhməzova və başqaları çıxış edərək narkomaniyaya qarşı mübarizədə ümumtəhsil məktəblərinin qarşısında duran vəzifələrdən danışıblar.

XC