Ağdamlı qardaşlardan Ordumuza tələbə töhfəsi Hadisə

Ağdamlı qardaşlardan Ordumuza tələbə töhfəsi

BDU VƏ UNEC-DƏ TƏHSİL ALAN YILMAZ VƏ QORXMAZ SƏFƏROVLAR 1 AYLIQ TƏQAÜDLƏRİNİ SİLAHLI QÜVVƏLƏRİMİZƏ YARDIM FONDUNA KÖÇÜRÜBLƏR

Bu tarixi günlərdə hər bir vətənpərvər Azərbaycan övladı ordumuza, cəsur əsgər və zabitlərimizə dəstək olmaq üçün əlindən gələni əsirgəmir. Əslən Qarabağdan, Ağdam rayonunun Mərzili kəndindən olan əlaçı tələbə qardaşlar – Yılmaz və Qorxmaz Səfərovlar da məhz bu nəcib niyyətlə 1 aylıq təqaüdlərini (cəmi 340 manat) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Səfərov qardaşları bu addımı Azərbaycan Ordusunun Qarabağdakı xilaskarlıq və zəfər yürüşünə, qəhrəman hərbçilərimizə dəstək olmaq məramı ilə atdıqlarını bildiriblər. Onlar Ordumuzun müqəddəs torpaqlarımızı, elə özlərinin də ata-baba yurdu olan Qarabağı azad etmək naminə apardığı uğurlu hərbi əməliyyatlardan qürur duyduqlarını deyiblər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bir aylıq maaşlarını sözügedən Fonda köçürmələri isə Səfərov qardaşlarını bir aylıq təqaüdlərilə ordumuza dəstək olmağa ruhlandırıb.

Qardaşlardan biri - Qorxmaz Səfərov artıq ikinci ildir ki, Prezident təqaüdçüsüdür. O, ötən il yüksək nəticə ilə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində Maliyyə ixtisasına qəbul olunub. Qorxmaz bir aylıq Prezident təqaüdünü Silahlı Qüvvələrimizə Yardım Fonduna köçürüb. Onun böyük qardaşı Yılmaz Səfərov isə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 3-cü kurs tələbəsidir.

O, hazırda Avropa Hüquqşünas Tələbələr Assosiasiyası milli nümayəndəliyi – “ELSA Azərbaycan”ın idarə heyətində təmsil olunur.

Səfərov qardaşları bildiriblər ki, bugünlər torpaqlarımızın azadlığı uğrunda rəşadətlə vuruşan qüdrətli Ordumuza istər maddi, istər mənəvi cəhətdən dəstək olmaq hər bir azərbaycanlı gəncin borcudur. “Doğma torpaqlarımız uğrunda döyüşlərin getdiyi bir dövrdə ön cəbhəyə gedə bilməsək də, Qarabağda tarix yazan şanlı Ordumuza bacardığımız qədər dəstək olmaq bizim üçün böyük şərəfdir! Bilirik ki, əslində şanlı Azərbaycan Ordusu dövlətimiz tərəfindən hər cəhətdən tam təmin və təchiz olunub. Ancaq istədik ki, bu 1 aylıq təqaüdlərimiz Ordumuza bizim kiçik bir tələbə töhfəmiz olsun. Möhtəşəm tarixi qələbələr astanasında olduğumuz bu günlərdə bütün həmyaşıdlarımızı və tələbə yoldaşlarımızı da əllərindən gələn qədər Ordumuza dəstək olmağa səsləyirik!

İnanırıq ki, qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!”