Peyvənd məntəqələrində sıxlıq yaranıb? Hadisə

Peyvənd məntəqələrində sıxlıq yaranıb?

Azərbaycanda peyvənd məntəqələrində sıxlıq yaranıb. Koronavirusa qarşı peyvənd vurdurmaq üçün əvvəlcədən randevu götürmək sistemi yaxşı işləmir. Nəticədə həssas qrupa daxil olan insanlar peyvənd vurdurmaq üçün getdikləri yerlərdə uzun növbələrdə dayanır, bir-biri ilə təmasda olurlar.
İnfeksionist Vüqar Cavadzadənin qənaətinə görə, əslində peyvənd məntəqələrində sıxlığın yaranması vaksin üçün aparılan təbliğatın müsbət nəticə verdiyini göstərir: "Müsbət tərəfi odur ki, insanlar vaksinasiyaya əvvəlki dövrlə müqayisədə daha çox müraciət edirlər. Amma pandemiya dövründə insanlar arasında sosial məsafənin qorunması şərtdir. Bunun üçün mütləq şəkildə insanlar öncə onlayn şəkildə qeydiyyatdan keçməli, daha sonra peyvənd məntəqəsinə yaxınlaşmalıdırlar. İndiki vəziyyət göstərir ki, bu vəziyyəti yaradan elə insanların özləridir. Onlar qeydiyyatdan keçməmiş vaksin məntəqələrinə yaxınlaşırlar. Bu isə sıxlığa səbəb olur. Amma istənilən halda peyvənd məntəqələrində ciddi nəzarət olmalıdır. Buna bəzi poliklinikalarda əməl olunur. Məsələn, mən 20 saylı poliklinikaya getmişdim. Orada qapıdaca insanların temperaturu yoxlanılır. Döşəməyə isə məsafə saxla işarələri vurulub. Bütün poliklinikalarda yaradılmış peyvənd məntəqələrində sosial məsafənin saxlanılmasına nəzarət edilməlidir. Əgər buna rəğmən sıxlıq yaranırsa, peyvənd məntəqələrinin sayı artırılmalıdır. Çünki sıxlığın yaranması virusa yoluxma təhlükəsi yarada bilər".
Səhiyyə Nazirliyindən isə bildirdilər ki, peyvənd məntəqələrinin sayı kifayət qədərdir. Bütün poliklinikalarda bunun üçün şərait yaradılıb. Sadəcə olaraq insanlar onlayn qeydiyyatdan keçmədən peyvənd məntəqələrinə yaxınlaşdıqlarından belə sıxlıq yaranır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildilir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidilər. Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar. Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur. Bu cür halların baş verməməsi üçün qurum vətəndaşlarımızdan bir daha xahiş edir ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.