İbrahimbəyovdan xəbər var... Hadisə

İbrahimbəyovdan xəbər var...

Arzu Şirinova

2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda aranı qarışdırmaq üçün Moskvanın tapşırığıyla yaradılan Milli Şuraya rəhbər gətirilən, ancaq seçkilərdə iştirak hüququ olmadığı üçün vahid namizəd planı reallaşmayan, siyasətdə naşı olan, ermənilərə xüsusi sevgisilə seçilən və bunu sanki öhdəlik olaraq hər addımbaşı etiraf edən kinorejissor Rüstəm İbrahimbəyovdan xəbər var. Kinorejissor mətbuata açıqlamasında deyib ki, Milli Şura qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməlidir: "Söhbət bir neçə deputat mandatı qazanmaqdan getmir. Əsas məqsəd seçki kampaniyasından istifadə edərək demokratik islahatların, geniş demokratik dəyişikliklərin həyata keçirilməsinə nail olmaqdır". Onun qənaətinə görə, Milli Şuranın tərkibi cavanlaşmalıdır: "Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli ilə də söhbət etmişəm".
İbrahimbəyovun bu açıqlamasını oxuyanda istər-istəməz belə bir suala cavab axtardım - görəsən kinorejissor bu dəfə kimin maşası rolundadır? Çünki kinorejissorun 2013-cü il prezident seçkiləri öncəsi fəaliyyəti hər kəsə bəllidir. İllərdir bu hakimiyyətin imkanlarından bəhrələnən Rüstəm İbrahimbəyovun üzü birdən-birə döndü. Bir dəfə də olsun Ermənistan ordusunun işğalı nəticəsində yurdlarından didərgin düşən qaçqın və məcburi köçkünlərin insan haqlarından, onların tapdanan hüquqlarından danışmayan, əksinə, "ermənilər Bakıdan getdiyi üçün şəhərin gözəlliyi qalmayıb" deyən kinorejissor Azərbaycanda insan haqları "müdafiəçisinə" çevrildi. Və vəd verdi ki, prezident seçkilərində iştirak edəcək, seçkini qazanacaq və Azərbaycandakı problemləri yoluna qoyacaq. Bu adam heç öz problemini həll edə bilmədi. Vətəndaşlıq məsələsini çözə bilmədiyindən Milli Şuranın vahid namizədi olmaq şansını da qaçırdı. Hətda ölkəyə gəlmək cürəti belə olmadı. İsa Qəmbərlə də Gürcüstanda görüşdü. Rüstəm İbrahimbəyov başda olmaqla Milli Şurada cəm olanlar hakimiyyətə gələcəkləri halda Azərbaycanı Avropaya inteqrasiya yolundan döndərəcəklərini də bəyan elədilər. Ancaq gözləntiləri alınmadı. Və sonda Rüstəm İbrahimbəyov müsahibəsində bildirdi ki, siyasət onluq deyil və rejissor fəaliyyətini siyasətlə məşğul olmaqdan üstün tutur. Verdiyi müsahibəylə bir daha təsdiqlədi ki, Moskvanın maşasıdır. İstənilən vaxt işə düşməyə hazırdır. Ona görə də maraqlıdır-indi kimin maşası rolundadır?
Bu dəfə deyəsən iki ələ işləmək fikrinə düşüb-Moskva və İrəvan. Son vaxtlar Moskva Azərbaycana münasibətdə sıcaq münasibət göstərsə də, istəyi bəllidir-Avroasiya İttifaqına Azərbaycanın da qoşulması. Ona görə də bir çoxlarından, eynu zamanda, Rüstəm İbrahimbəyovdan da yararlanmaq planın olduğu şübhəsizdir. İrəvan isə kinorejissor kimilərindən həmişə yararlanıb. Necə ki, bu torpaqda böyüyən, bu torpağın çörəyini yeyən və sonda da xəyanət yolu tutan Əlikram Hümbətovdan, Azərbaycana düşməndən artıq pislik edən Əkrəm Əylislidən. Ermənilər kinorejissorun onlara sıcaq münasibətlərini və dostluqlarını bilirlər və lazımi məqamda ondan istifadə məqamını gözləyirlər. Bəlkə də bu məqamın yaxınlaşdığını görüb işə keçiblər və kinorejissoru da məqamdan dəyərləndirməyə sövq ediblər.
Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Siyasət adamı olmayan kinorejissor özü etiraf edib ki, Milli Şuradakılar təkcə bir neçə deputat mandatı qazanmaqla kifayətlənməməlidir, parlament seçkilərindən istifadə edib demokratik dəyişikliklərə də baş vurmalıdırlar. Bu zaman gənclərin də qüvvəsinə ehtiyac duyan İbrahimbəyov Şuranın sədrinə göstərişlərini də verib. Azərbaycanda demokratik dəyişiklik istəyən İbrahimbəyov, artıq bir həftəyə yaxındır erməni ordusunun cəbhəboyu atəşkəsi pozduğunu və bunun nəticəsində Azərbaycanın daha 3 oğlunun şəhid oluğunu dilinə belə gətirməyib. Niyəsi özünə də, bizə də bəllidir.
Bu il həm də Azərbaycanda ilk dəfə Avropa idman oyunları keçiriləcək. Və ölkəmiz bu oyunlara mükəmməl hazırlaşır. Bu oyunlar zamanı ölkəmiz dünyaya bir daha özünü tanıdacaq-həm iqtisadi, həm siyasi, həm tarixi, həm də Dağlıq Qarabağ problemi baxımından. Bunu bilən ermənilər artıq fəaliyyətə keçiblər. Cəbhəboyu atəşkəsi pozmaqla göstərmək istəyirlər ki, Azərbaycan təhlükəli bir ölkədir.
Ermənilərin fəaliyyətinə dəstək verənlər - İbrahimbəyov kimiləri də "demokratik dəyişikliklər" istəyindədirlər. Bu istəyin xəmirinn harda yoğrulduğu isə bəllidi.