“Birinci Avropa Oyunları, eyni zamanda, ölkəmiz üçün iqtisadi divident deməkdir” Hadisə

“Birinci Avropa Oyunları, eyni zamanda, ölkəmiz üçün iqtisadi divident deməkdir”

Ayaz Orucov:"Azərbaycan bu gün dünyada investisiya cəlbediciliyini qoruyan ölkə kimi tanınır və nüfuz"

Mübariz Göyüşlü: "Birinci Avropa Oyunlarına dünyada böyük maraq var"

"Bu gün istər ölkə, istərsə də dünya mətbuatında birinci Avropa Oyunlarının əhəmiyyəti geniş şərh olunur. Bu oyunların dünyanın idman tarixində yeni səhifə açacağı xüsusi qeyd edilir".
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Ayaz Orucov deyib. O qeyd edib ki, Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq, dünyanın diqqətini ölkəmizə yönəltməklə həqiqətlərinin təbliğinə öz töhfəsini verəcək: "Oyunlara qatılacaq 6 min idmançının hər biri, eyni zamanda oyunları izləyəcək hər bir iştirakçı Azərbaycan gerçəklikləri ilə yaxından tanış olaraq ölkələrə qayıtdıqda onların ictimaiyyətə çatdırılmasında bir vasitə rolunu oynayacaqlar. Əbəs yerə deyilmir ki, idman sağlamlıq olmaqla yanaşı, həm də siyasətdir. Birinci Avropa Oyunları, eyni zamanda, ölkəmiz üçün iqtisadi divident deməkdir. Azərbaycan bu gün dünyada investisiya cəlbediciliyini qoruyan ölkə kimi tanınır və nüfuz qazanıb. Son 11 ildə ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın investisiyanın qoyulması Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Azərbaycan bu gün turizmin inkişafı baxımından da dünyanın diqqətindədir. Təbii ki, bu vəhdət fonunda birinci Avropa Oyunlarının ölkəmiz üçün iqtisadi əhəmiyyəti daha aydın nəzərə çarpır".
"Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü isə vurğulayıb ki, bir neçə gündən sonra ölkəmizin həyatında əlamətdar tarixi hadisə baş verəcək: "Avropa idman tarixində yeni səhifə açacaq "Bakı-2015" Birinci Avropa oyunları start götürəcək. Prezident İlham Əliyevin də dediyi kimi "bu oyunlar Azərbaycanın dinamik inkişafını Avropaya və bütün dünyaya nümayiş etdirəcək". Oyunların davam edəcəyi 17 gün ərzində Avropanın bütün ölkələrindən 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaq. Əlamətdar haldır ki, birinci Avropa Oyunlarından həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Yəni ilk Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlardan 16-sı Olimpiya idman növüdür. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir". Onun sözlərinə görə, Birinci Avropa Oyunlarına dünyada böyük maraq var: "Avropanın onlarla ölkəsindən Azərbaycana gələcək minlərlə idmançı, jurnalist, rəsmi şəxslər və s. burada xalqımızın qonaqpərvərliyinin şahidi olacaqlar. Xəritədə Azərbaycanın harada yerləşdiyini tapmaqda çətinlik çəkən avropalılara ölkəmizi, şəhərlərimizi, mədəniyyətimizi, incəsənətimizi, inkişafımızı əyani şəkildə göstərmək, onlara sevdirmək şansımız yaranacaq. Yarışları dünyanın 100-dək ölkəsində, o cümlədən, Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də, Avstraliyada təxminən 1 milyard tamaşaçının izləyəcəyi ehtimal olunur. Yarışlar dünyanın bir çox ölkələrində canlı olaraq yayımlanacaq. Fikrimizcə məhz bu səbəbdən belə bir hadisənin Azərbaycanda baş verməsi ölkəmizi Avropada və dünyada müsbət istiqamətdən tanıdacaq.
Mötəbər yarışa sayılı günlər qalıb. Azərbaycanın birinci xanımı, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında yürüdülən hazırlıq işləri yekunlaşıb. Azərbaycan qonaqları qəbul etməyə və Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə tam hazırdır. Belə ki, Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılıb". O, bildirib ki, açılış mərasimi 12 iyun tarixində Milli Stadionda Afina 2004 Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi altında həyata keçəcək. Bakıda Avropa Oyunlarında 20 idman növündə yarışların keçirilməsi gözlənilir: "Oyunların proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Bəzi dairələrin bu idman yarışına qarşı apardığı əks-təbliğata baxmayaraq bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.
26 may tarixində Bakı Dövlət Universitetində rektor Abel Məhərrəmovun, Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru Saymon Kleqin və yüzlərlə könüllünün
iştirakı ilə BDU-da keçirilən tədbirdə mən də iştirak edirdim. Görülən işlərlə bağlı çıxışçıların söylədiyi fikirlər, açıqladığı faktlar söyləməyə əsas verir deyək ki, bu tədbir çox yüksək sıəviyyədə keçiriləcək". Təşkilat sədrinin fikrincə, İlk Avropa oyunlarına ev sahibliyi etmək artıq ölkəmizin dünyada nüfuzlu idman ölkəsi imicini daha da möhkəmləndirəcək: "Nəzərə alsaq ki, idman həm də siyasətdir, o zaman qətiyyətlə demək olar ki, "Bakı-2015" Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın siyasi uğurudur. Siyasi stabilliyə, iqtisadi uğurlara malik olmayan bir ölkənin belə çətin və məsuliyyətli işə qol qoyması mümkün deyil. Bu yarışın Azərbaycanda keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Belə bir qərara imza atan Avropa ölkələri, onun nüfuzlu idman təşkilatları da məhz ölkəmizdəki bu inkişafı nəzərə alaraq bu addımı atıblar. Qərblə Şərqin arasında körpü rolunu oynayan Azərbaycanda bütün dinlərə və mədəniyyətlərə böyük hörmət, diqqət vardır. Ölkəmizdə dəfələrlə mötəbər beynəlxalq siyasi, iqtisadi, mədəni, idman tədbirlərinin keçirilməsi, müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin burada iştirakı Azərbaycanı dünyada həm də tolerant bir ölkə kimi tanıdıb. Bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəmiz var. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilib. Ölkəmizdə ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilib. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss edib və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləyiblər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və Azərbaycanın təşkilatçılıq qabiliyyətinə çox yüksək qiymət verilib". Mübariz Göyüşlü əlavə edib ki, ölkəmiz dünyadakı barışa, xalqlar arasındakı həmrəyliyə, münasibətlərin inkişafına ciddi töhfələr verməkdədir: "Belə ardıcıl siyasətin nəticəsidir ki, bu gün bizlər Birinci Avropa oyunları kimi mötəbər idman yarışının ölkəmizdə keçirilməsinin təşkilatçısı və iştirakçısı qismində dünyada tanınmaqdayıq.
Belə bir nüfuzlu yarışın ölkəmizdə keçirilməsini istəməyən qüvvələr də var ki, onlar Avropadakı müəyyən dairələrlə əlbir olub "Bakı-2015" Birinci Avropa oyunlarına qarşı kampaniya aparmaqdan da çəkinmirlər. Lakin onların bu niyyətləri həyata keçməyəcək. Azərbaycanın siyasi rəhbərliyinin qətiyyəti, iradəsi bu çalışmaları da puça çıxardacaq. Ölkəmizin nüfuzuna zərbə vurmaq istəyən qüvvələr bu dəfə də istəklərinə çatmayacaqlar. Avropanın etibarlı enerji tərəfdaşı imicini qazanmış Azərbaycan bu sınaqdan da uğurla çıxacaq və adını Avropa tarixinə, idman tarixinə qızıl hərflərlə yazmağı bacaracaq".
Xalq artisti, xanəndə Nəzakət Teymurova bildirib ki, bu gün dövlətimizin inkişafı göz önündədir. Avropa Oyunlarının vətənimizdə keçirilməsi də bunun bariz nümunəsidir: "Avropa Oyunları illər keçdikcə yaddaşlarda qalan hadisəyə çevriləcək. Oyunların keçirilməsi həm mədəniyyətmizdə, həm idmanımızda, həm də siyasətimizdə böyük təkan olacaq. Əgər dünya səviyyəsində, böyük arenalarda Azərbaycanın adı çəkilirsə, bayrağı dalğalanırsa, nə xoş bizə. Dünyaya səs salan dövlətimizlə, qürurla dalğalanan bayrağımızla fəxr edirəm. Azərbaycan vətəndaşı olduğum üçün qürur duyuram. Ümid edirəm ki, bu idman yarışlarında uğrunda mübarizə aparılan qızıl medallar bizim idmançılarımızın payına düşəcək. Qələbə bizimlə olacaq. Birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axını başlayacaq. Əminəm ki, xarici turistlər həm mətbəximizi, həm də mədəniyyətimizi bəyənəcəklər. Bundan başqa, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Avropa Oyunlarının xüsusi rolu var. Azərbaycanın nəinki Avropaya, mən deyərdim ki, dünyaya tanınmasında bu, ən əhəmiyyətli hadisələrdən biridir. Hesab edirəm ki, Avropa Oyunlarının əhəmiyyətliliyi, vacibliyi nəinki idmanımıza, eyni zamanda, gələcək nəslin Avropaya daha yaxından inteqrasiya etməsinə böyük təsir göstərəcək. Avropa deyəndə heç də ağlınıza Avropanın daha çox inkişaf etmiş hansısa ölkəsi və ya hansısa bizim milli-mədəni mentalitetimizə uyğun olmayan adəti gəlməsin. Avropanın özündə də ənənələr deyilən bir anlayış var. Avropa Oyunlarını keçirməklə biz öz qapılarımızı dünya ölkələrinin nümayəndələrinə açmış oluruq. Mən deyərdim ki, "Bakı 2015" Avropa Oyunları böyük bir tarixi hadisədir. Çünki zaman keçdikcə və növbəti ölkələrdə bu tədbir keçirildikcə, Azərbaycanın adı hallanacaq. Hər kəs bu nüfuzlu tədbirin ilk dəfə Azərbaycanda keçirildiyini yada salacaq. Mən bir vətəndaş olaraq bu tədbirin keçirilməsindən fəxarət hissi duyuram. Bu təbir Azərbaycanın dünyada tutduğu mövqeyi daha da möhkəmləndirəcək, dünya dövlətləri sırasında müsbət imicimiz formalaşacaq. Çünki hər birimiz bilirik ki, bu gün erməni lobbisi beynəlxalq aləmdə ölkəmizi, xalqımızı gözdən, nüfuzdan salmaq üçün hər cür qara piara əl atır. Amma dünyanın 50 ölkəsinin nümayəndələrinin Azərbaycana gəlişi, onlara açılan qapı bir daha ölkəmizin və xalqımızın sülhməramlı olduğunu dünyaya sübut edəcək. Məncə, bundan gözəl təbliğat vasitəsi ola bilməz. Bu mənada, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün bir fürsətdir".

Əli