“Bakı olduqca gözəl şəhərdir” Hadisə

“Bakı olduqca gözəl şəhərdir”

"Azərbaycan komandası ilə çimərlik voleybolunda yarışımız çox gərgin keçdi. Çünki hava olduqca isti idi. Biz demək olar ki, meydançada istidən "ölürdük". Bütüb bunlara baxmayaraq biz yarışın qalibi olduq". Bunu çex idmançı Robert Kufa deyib. Bakı haqqında təəssüratlarını da bölüşən idmançı bildirdi ki, Bakı olduqca gözəl şəhərdir: "Qeyd edə bilərəm ki, Bakıdakı tikililər böyük olmaqla bərabər, həm də müasirliyi ilə seçilir. İlk Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümü bildirirəm. Buradakı idman obyektləri həyatımda gördüyüm ən gözəl idman obyektləridir". I Avropa Oyunlarının açılış mərasimində də iştirak edən yarışçı dedi ki, açılış mərasimi çox möhtəşəm idi: "Orada ən sevindirici an 65 minə yaxın insanın bizləri alqışlaması oldu. Eləcə də Ledi Qaqanın çıxışı hər zamanki kimi fantastik idi. Alqışa layiq görüldüyüm üçün Azərbaycan xalqına minnətdaram".

"Azərbaycan dövlətinə təşəkkürümüzü bildiririk"

"Mən Bakıda ilk dəfədir ki, oluram. Şəhəriniz olduqca gözəldir. Təşkilatçılıq baxımından isə Azərbaycan indiyədək olduğumuz ən gözəl yerdir". Bunu litvalı idmançı Arnas Rumsevicius deyib. Litvalı idmançının sözlərinə görə, Azərbaycanın Oyunlara ev sahibliyi və təşkilatçılığı çox mükəmməldir: "Biz "Bakı-2015"in web saytında oyunlarla bağlı bütün informasiyanı əldə edə bilirik. Könüllülərin qonaqpərvərliyinə görə ayrıca olaraq Azərbaycan dövlətinə təşəkkürümüzü bildiririk. Çünki bizim köməyə ehtiyacımız olan anda hər kəs hazır vəziyyətdə bizə yardımçı olur".

"I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub"

"İlk görüşümüzdə Türkiyə komandası ilə qarşılaşdıq. Türkiyəli idmançılar güclü idilər. Qarşılaşma gərgin keçdi, ancaq qalib gəldik". Bu sözləri kişilər arasında kamandan oxatma üzrə İspaniya milli komandasının üzvü Antonio Fernandes deyib. O, mübarizənin daha da çətinləşəcəyini qeyd edib: "Növbəti mərhələdə də qələbə qazanmağa çalışacağıq. İtaliya, Almaniya, Fransa komandaları ilə görüşlərimiz çətin olacaq. I Avropa Oyunlarında qalib olmaq istəyirik". İspaniyalı idmançı I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "Bakı 2015"in açılış mərasimi çox möhtəşəm keçdi. İndiyə kimi belə açılış mərasimində iştirak etməmişdik. Dünya ulduzu Ledi Qaqanın ifası da xoşumuza gəldi. Yarışlar olimpiya standartlarına uyğundur. I Avropa Oyunlarını Olimpiya Oyunlarının hazırlığı kimi dəyərləndirmək olar. Bakı çox gözəl şəhərdir. İnsanlarınız qonaqpərvərdir. Azərbaycanda idmana diqqət və qayğı göstərildiyini hiss edirik".

"Bakıda əsl bayram ab-havası mövcuddur"

"Mingeçevirdə yarışlar başa çatdığı üçün, tədricən idmançılar Bakıya və buradan öz ölkələrinə qayıdacaq". Bu sözləri Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib. O qeyd edib ki, hazırda digər yarışlara hazırlıq işləri aparılır: "Bu gün velosiped yarışına hazırlıqla bağlı bəzi yollar bağlanılacaq. Digər yarışlarla bağlı da hazırlıq işləri görülür. Stolüstü tennis üzrə 11 medal veriləcək. Atletika, akrobatika üzrə yarışlara hazırlanılır. Aerobika üzrə yarışların sınaqları keçirilir. Bu gün saat 11:00-dan sonra velosiped yarışı ilə bağlı bəzi yollar bağlanacaq". Saymon Kleq Avropa Oyunlarının keçirildiyi bir vaxtda şəhərdəki ab-havadan danışıb: "Axşam Bulvara getsəniz, buranın dolu olduğunu görə bilərsiniz. Burada rəsmi sponsorlar tərəfindən qurulmuş stendlər var. İnsanlar burada əylənirlər. Bakıda əsl bayram ab-havası mövcuddur".