Özbəkistanda Maqsud Şeyxzadənin 114 illiyinə həsr olunmuş “Azadlığa can atan şair” adlı tədbir keçirilib Mədəniyyət

Özbəkistanda Maqsud Şeyxzadənin 114 illiyinə həsr olunmuş “Azadlığa can atan şair” adlı tədbir keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı, dramaturq, azərbaycanlı şair, ədəbiyyatşünas-alim Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş “Azadlığa can atan şair” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə təşkil olunan tədbirdə Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, ədəbiyyatşünaslar, yerli azərbaycanlılar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev əvvəlcə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun keçdiyi məşəqqətli ömür yolundan danışaraq, bu cür şəxsiyyətlərin fəaliyyətinin xalqlarımız arasında bir dostluq körpüsü yaratdığını qeyd edib. N.Əlimirzəyev Azərbaycanın Ağdaş rayonunda doğulan Maqsud Şeyxzadənin adının ölkəmizdə də əbədiləşdirildiyini, Ağdaş rayonunda məktəb-gimnaziyaya şairin adının verildiyini bildirib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda yaşamış Azərbaycan xalqının görkəmli nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə aparılan işlərdən danışıb, bu istiqamətdə Mərkəz tərəfindən mühüm layihələrin həyata keçirildiyini söyləyib.

Daşkənd Dövlət Nəqliyyat Universitetinin dekanı Abdulla Sotivoldiyev çıxış edərək iki xalqın böyük oğlu olan, özbək ədəbiyyatında ölməz əsərlər yaradan Maqsud Şeyxzadənin yaradıcılığının xalq arasında geniş sevildiyini qeyd edib. O, özbək xalqının qəhrəmanı olan Cəlaləddin Manguberdi haqqında möhtəşəm əsər yaradan Maqsud Şeyxzadəni Özbəkistanda özbək ədəbiyyatının Şekspiri adlandırıldığını qeyd edib.

Özbəkistan Elmlər Akademiyası nəzdində Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktor müavini Mənzura Otaconova bu cür tədbirlərin keçirilməsinin zəruriliyi və onların harmonik inkişaf etmiş nəslin yetişdirilməsində əhəmiyyətini vurğulayıb, gənc nəsildə qardaş xalqların mədəniyyətinə hörmət hissinin aşılandığını qeyd edib.

Tədbir iştirakçılarına və qonaqlara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Maqsud Şeyxadəyə həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli film təqdim olunub.

Sənədli filmdə yazıçının doğulduğu vətəni Azərbaycandan başlayaraq, onun sürgün illəri, Özbəkistanda yaşadığı illər, Daşkənddə keçən həyatının müxtəlif dövrləri, pedaqoji fəaliyyəti əks etdirilir. Tarixi faktlarla zəngin olan film tədbirə gələnlərin böyük marağına səbəb olub.

Sonda tələbələr yazıçının əsərlərindən səhnəciklər göstərib, şeirlər səsləndiriblər.