Kukla Teatrının bölgələrə qastrolu davam edir Mədəniyyət

Kukla Teatrının bölgələrə qastrolu davam edir

“Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın bölgələrə qastrol səfərləri davam edir. Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı da Salyan və Lənkəran şəhərlərində olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxt kuklaçıları salyanlı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən “Müsyö Jordan və dərviş Məstəli şah”ı təqdim ediblər.

Məlumat üçün deyək ki, dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.

Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli Uşaq evində də olan kuklaçılar balacalara xoş anlar yaşadıblar.

Əvvəlcə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını nümayiş etdirən heyət bayram tədbirini əyləncəli oyunlarla davam etdirib.

Novruzun əsas personajları Kosa və Keçəl uşaq evi sakinlərinə Kukla Teatrının bayram hədiyyələrini təqdim edib.

Uşaq evinin rəhbərliyi mütəmadi onların qonağı olan teatr kollektivinə təşəkkür edib, onların hər gəlişinin uşaqlar üçün əsl bayram olduğunu vurğulayıb.

Xatırladaq ki, ölkədaxili qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatı fəallaşdırmaq, gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.