AMEA-da Özbəkistanın Xalq Şairi Camal Kamalın yubileyi qeyd olunub Mədəniyyət

AMEA-da Özbəkistanın Xalq Şairi Camal Kamalın yubileyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistanın Xalq Şairi Camal Kamalın anadan olmasının 80 illiyi münasibətilə "Camal Kamal və Azərbaycan ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir AMEA-nın Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə reallaşdırılıb.
Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Alim rəhbərlik etdiyi qurumda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb və aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub.
Ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafında C.Kamalın müstəsna xidmətlərini qeyd edən akademik İ.Həbibbəyli ədibin yaradıcılığında Azərbaycan ədəbiyyatının xüsusi yer tutduğunu, şairin hazırda Nizami Gəncəvinin "Xəmsə"sinin özbək dilinə tərcüməsi üzərində işlədiyini söyləyib. İ.Həbibbəyli, həmçinin Özbəkistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini beynəlxalq arenada dəstəklədiyini vurğulayıb. Milli Məclisin deputatı Qənirə Paşayeva C.Kamalın hər zaman Azərbaycan ədəbiyyatına xüsusi önəm verdiyini deyib. Bildirilib ki, C.Kamal böyük Azərbaycan şairi Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib.
Konfransda Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin "Ədəbiyyatın 60-cılar nəslinin görkəmli özbək nümayəndəsi Camal Kamal", həmin şöbənin baş elmi işçisi, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin "Çağdaş özbək poeziyasının baş canlı klassiki, Xalq Şairi Camal Kamal", institutun dissertantı Sənubər Səmədovanın "Camal Kamal yaradıcılığında Azərbaycan izləri", Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbahor Aşurovanın "Camal Kamalın həyat və yaradıcılığı", Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, professor Roza Niyozmetovanın "Ədəbiyyat tədrisinin aktual məsələləri haqqında" mövzularında məruzələri dinlənilib. Sonda çıxış edən C.Kamal tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.