İqtisadiyyat inkişaf etdikcə daha böyük kapital tutumlu layihələrə ehtiyac yaranır - Mikayıl Cabbarov İqtisadiyyat

İqtisadiyyat inkişaf etdikcə daha böyük kapital tutumlu layihələrə ehtiyac yaranır - Mikayıl Cabbarov

İnkişaf getdikcə, iqtisadiyyat müəyyən mənada mürəkkəbləşir və daha böyük kapital tutumlu layihələrə ehtiyac yaranır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qanun layihəsi həm xaricdən, həm daxildən özəl investisiyaların cəlb edilməsinə imkan verəcək. “Dövlət daha az kapital qoymaqla daha çox iş görə biləcək və əsas diqqəti qanunvericiliyin təkmilləşdirilməsinə, istehlakçıların hüquqlarının daha yaxşı təmin edilməsinə və digər sahələrə yönəldəcək. Bu qanun layihəsinin perspektivi böyükdür. Qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübə nəzərə alınıb”, - deyə o bildirib.

M.Cabbarov əlavə edib ki, qanun layihəsində neft-qaz sahəsi, elektrik enerjisi və bərpa olunan enerji istehsalı istisna olunub, çünki bu sahələr ayrıca qanunlarla tənzimlənir.