Son 10 ildə Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi açıqlanıb İqtisadiyyat

Son 10 ildə Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 62,3 milyard dollar investisiya cəlb olunub.

Bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsi üçün "İnvestor xəritəsi"nin təqdimatında deyib.

Nazir müavini bu göstəricilərin hər il artdığını və Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların getdikcə daha çox artacağından əmin olduğunu deyib.

"Biz dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına yönəlmiş yüksək səviyyəli tədbir keçiririk. 2017, 2019 və 2020-ci illər olmaqla artıq üç dəfədir ki, BMT-yə DİM-in həyata keçirilməsinə dair hesabat təqdim etmişik. Sonuncu hesabatda biz öz mövqeyimizi yaxşılaşdıraraq 50-ci yeri tutduq. Qeyd etmək istəyirəm ki, Azərrbaycan üzrə DİM-in reallaşdırılması üzrə növbəti hesabatın BMT-yə 2024-cü ilin iyun ayında təqdim olunması planlaşdırılır və biz əminik ki, ölkəmizim mövqeyi daha da yaxşılaşacaq", - o deyib.
Sahib Məmmədov yaşıl iqtisadiyyat sahəsində layihələrin reallaşdırılmasının bizə qabaqcıl DİM göstəricilərinə nail olmağa imkan verəcəyini vurğulayıb.

"2022-ci ildə ÜDM 4,6 faiz artıb. Son on il ərzində qeyri-neft sektorunda Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə artaraq hətta iqtisadiyyatın təkanverici qüvvəsinə çevrilib. Həmçinin əlverişli investisiya mühiti ölkəyə birbaşa xarici investisiyalar cəlb etməyimizə imkan verir", - o əlavə edib.