İtaliya mətbuatında iqtisadi əlaqələrin perspektivləri barədə müsahibələr dərc edilib İqtisadiyyat

İtaliya mətbuatında iqtisadi əlaqələrin perspektivləri barədə müsahibələr dərc edilib

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın Ticarət Agentliyinin (ICE) aylıq elektron xəbər bülletenində və "Notiziegeopolitiche" geosiyasət və xarici siyasət üzrə elektron portalında Azərbaycanın iqtisadi potensialı, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq və perspektivlər barədə müsahibələri dərc edilib. Azərbaycanın İtaliyadakı səfirliyindən bildiriblər ki, müsahibələrdə M.Əhmədzadə Azərbaycanın yerləşdiyi geostrateji coğrafi mövqeyi, iqtisadiyyatın sürətli inkişafı, regional liderliyi, ölkə iqtisadiyyatına yatırılan sərmayələr, Azərbaycanda həyata keçirilmiş və həyata keçirilməkdə olan strateji əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib.
İtaliya-Azərbaycan əlaqələrinə toxunan diplomat bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, bunun 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı bu ölkənin Baş naziri Matteo Renzi ilə birgə qəbul etdiyi strateji tərəfdaşlıq haqqında bəyannamədə təsbit olunduğunu bildirib. Səfir ölkəmizin İtaliya üçün əsas neft təchizatçılarından biri olduğunu, bir çox italyan şirkətlərinin Azərbaycana investor və podratçı kimi cəlb edildiyini, son bir ildə İtaliyanın "Maire Technimont", "Technip" və "Saipem" şirkətləri ilə önəmli müqavilələrin imzalandığını vurğulayıb. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazının İtaliyaya çatdırılacağını qeyd edən səfir bu layihənin qaz mənbələrinin şaxələndirilməsi, İtaliyanın Avropada önəmli qaz mərkəzinə çevrilməsi, habelə boru kəmərinin tikintisinə İtaliya şirkətlərinin podratçı kimi cəlb edilməsi nöqteyi-nəzərdən əhəmiyyətini diqqətə çatdırıb.
M.Əhmədzadə Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatda neft sektorunun payının minimuma endirilməsi və qeyri-neft ixracatının artırılması istiqamətində atılan addımlar barədə də danışıb. O, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı kimi yeni infrastruktur-logistika mərkəzlərinin yaradılması, kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT, inşaat kimi sahələrdəki imkanlar barədə məlumat verib, italyan şirkətlərini bu sahələrə sərmayə qoymağa dəvət edib. Azərbaycanın coğrafi əhəmiyyəti, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərindəki önəmli rolu barədə də danışan diplomat İtaliya şirkətlərinə Azərbaycana daha geniş bazarlara çıxış üçün körpü kimi baxmağı da tövsiyə edib.
İyunun 13-də Roma şəhərində İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın növbəti iclasının və Azərbaycan-İtaliya Biznes Forumunun keçiriləcəyi barədə məlumat verən səfir bu tədbirlərin Azərbaycana italyan sərmayələrinin cəlb edilməsi, ölkəmizin qeyri-neft ixracının artırılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.