Azərbaycan-Makedoniya İşgüzar Görüşü keçirilib İqtisadiyyat

Azərbaycan-Makedoniya İşgüzar Görüşü keçirilib

Azərbaycanlı iş adamları Makedoniyaya investisiya qoymağa dəvət edilir

Tərlan

Makedoniya Respublikasının baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, sentyabrın 9-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev nümayəndə heyəti ilə görüşüb. İki ölkə arasında mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Bildirilmişdir ki, iki ölkə arasında əlaqələrin genişlənməsində Azərbaycan-Makedoniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun fəaliyyəti də əhəmiyyətlidir. Azərbaycan və Makedoniya arasında indiyədək 4 sənəd imzalanmışdır, bir sıra sənədlər isə müzakirə mərhələsindədir. Ticarət əlaqələri Azərbaycan və Makedoniya arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan və Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu, Azərbaycanın investisiya ixracatçısı olduğunu qeyd edən nazir Şahin Mustafayev müqavilə-hüquqi bazanın genişləndirilməsinin vacibliyini, sənaye, kənd təsərrüfatı, tekstil, əczaçılıq və turizm sahəsində əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Şahin Mustafayev münaqişənin regional inkişafa əsas maneə olduğunu qeyd edib. Makedoniya Respublikasının baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreski ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirib.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Makedoniya İşgüzar Görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.
Şahin Mustafayev Azərbaycan və Makedoniya arasında əlaqələrin iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb. Bildirilib ki, biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlər ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətlidir və bu günkü işgüzar görüş də ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət töhfəsini verəcək. Azərbaycana səfərindən, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edən Zoran Stavreski dostluq zəminində qurulan Azərbaycan-Makedoniya münasibətlərinin uğurla inkişaf etdiyini qeyd etmiş, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulamış, azərbaycanlı iş adamlarını Makedoniyada investisiya layihələrində fəal iştiraka dəvət edib. Zoran Stavreski Makedoniya iqtisadiyyatına və biznes imkanlarına dair də məlumat verib.
Makedoniyanın Xarici İnvestisiyalar və İxracın Təşviqi Agentliyinin icraçı direktorunun müavini Kliment Sekerovski Makedoniyanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib. İşgüzar görüşdə Azərbaycan-Makedoniya iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılmış, Azərbaycan iş adamlarının Makedoniya iqtisadiyyatına dair sualları cavablandırılmışdır.